Deputat: "DSMF-nin büdcədən asıllılığının azaldılması üçün yığım potensialının artırılması daha sistemli olmalıdır"
- 20 noyabr, 2025
- 16:05
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) dövlət büdcəsindən asıllılığının daha da azaldılması üçün yığım potensialının artırılması ilə bağlı işlərin daha sistemləşdirilməsi və bununla bağlı konkret tədbirlər planının hazırlanması lazımdır.
"Report" xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında "DSMF-nin 2026-cı il büdcəsi haqqında" qanun və "İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.
"İşsizlikdən Sığorta Fondunun büdcə layihəsi təqdim edilən zaman aktiv sosial proqramlara yönəldilən vəsaitlərin səmərəliliyi ilə bağlı ayrıca arayış da təqdim olunmasını təklif edirəm. Xüsusən də, özünəməşğulluq proqramının nəticələrinin mütəmadi dövrlər üzrə qiymətləndirilməsi məqsədəuyğundur. İşsizlikdən Sığorta Fondunun vəsaitlərindən sığorta məqsədi ilə daha çox istifadə olunması üçün bu sığortadan istifadə qaydalarına yenidən baxılmasını və meyarların sayının artırılmasını təklif edirəm. İşsizlikdən Sığorta Fondunun büdcəsində saxlama xərclərinin maksimum həddi müəyyənləşdirilməli və xərclərin optimallaşadırılması həyata keçirilməlidir", - o vurğulayıb.