Siyarto: Aİ Ukraynaya maliyyə yardımını dayandırmalı və yoxlama aparılmasını tələb etməlidir
- 20 noyabr, 2025
- 16:11
Ukraynada korrupsiya qalmaqalı Avropa İttifaqının (Aİ) maliyyə dəstəyinə təsir etməlidir, təşkilata üzv ölkələr ödəmələri dayandırmalı və təcili maliyyə yoxlaması tələb etməlidir.
"Report"un Avropa bürosunun məlumatına görə, bunu Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto Brüsseldə Xarici İşlər Şurasının başlanğıcından əvvəl bildirib.
Nazir Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin milli hökumətlərə Ukraynanın növbəti iki il üçün maliyyə dəstəyi planını əhatə edən son məktubunu kəskin tənqid edib.
"Əgər Aİ rəhbərliyi Brüsseldə normal fəaliyyət göstərsəydilər, onlar dərhal Ukraynaya ödəmələri dayandırmalı və Avropa vergi ödəyicilərinin pullarının nəyə xərcləndiyini öyrənmək üçün maliyyə yoxlaması tələb etməli idilər. Bütün dünya KİV-i bu korrupsiyalaşmış sistem barədə yazır", - P.Siyarto bildirib.
Macarıstanlı nazir bu şəraitdə Avropa Komissiyası prezidentinin üzv dövlətlərə Ukraynaya əlavə yüz milyard avro ayırmaq xahişi ilə məktub göndərməsini "dəlilik" adlandırıb.