20 noyabr faciəsi: cəzasız qalan daha bir cinayət - ŞƏRH

Analitika
  • 20 noyabr, 2025
  • 16:01
20 noyabr faciəsi: cəzasız qalan daha bir cinayət - ŞƏRH

Bu gün Azərbaycan ictimaiyyəti faciəli günlərindən birinin qurbanlarını yad edir.

1991-ci il noyabrın 20-də Azərbaycanın Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisindən erməni silahlı dəstələri Azərbaycanın "Mİ-8 N72" hərbi helikopterini vurub. Hadisə nəticəsində həlak olanlar arasında Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini Saylau Serikov, Azərbaycan Televiziyasının jurnalisti Alı Mustafayev də olub.

Ümumilikdə, qəza nəticəsində 22 nəfər ölüb.

Bu faciədən iki həftə əvvəl, noyabrın 7-də Qazaxıstan, Azərbaycan, Türkmənistan, Rusiya və Ermənistan rəsmiləri Bakıda keçirdikləri görüşdə Qarabağda silahlı qarşıdurma zamanı oradakı azərbaycanlıların və ya ermənilərin sıxışdırıldığını müəyyən etmək, məsələni yerində araşdırmaq məqsədi ilə Xankəndiyə səfər etməyi razılşadırıblar.

1991-ci il noyabrın 18-də SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçovun şəxsi köməkçisi Kremldən Bakıya zəng vuraraq Azərbaycan Respublikasının ozamankı "Dağlıq Qarabağ" rəhbərliyindən Təhlükəsizlik Şurasının növbəti iclasını "Dağlıq Qarabağ"da keçirilməsini xahiş edir. Çünki ərazidəki torpaq iddiasında olan erməni liderlərin və Moskva nümayəndələrinin də bu iclasda iştirakı nəzərdə tutulurdu. Bu telefon zəngindən sonra Bakıda siyahı tərtib olunur. Siyahıya Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi Viktor Polyaniçko rəhbərlik etməli idi. Nümayəndələr əsasən güc strukturlarından və Təhlükəsizlik Şurasının rəhbər şəxslərindən ibarət olmalı imiş.

Rəsmi Moskva dövlət katibi Tofiq İsmayılov və baş prokuror İsmət Qayıbovun hökmən bu iclasda iştirakını xahiş edir.

İlkin siyahıda Tofiq İsmayılovun rəhbərliyi müzakirə edilir. Millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov siyahıdan çıxarılır. Onların yerinə güc nazirliklərinin, qoşun birləşmələrinin rütbəli məmurları salınır. Siyahıya Viktor Polyaniçkonun başçılıq etməsi qüvvədə qalır.

Ancaq 1991-ci il noyabrın 19-da gecə siyahı təzələnir. Viktor Polyaniçkonun, güc nazirliklərindən seçilmiş şəxslərin adları siyahıdan çıxarılır. Millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov siyahıya daxil edilir. Tofiq İsmayılov tərtib olunmuş siyahıya başçılıq etməli, Ağdamda Təhlükəsizlik Şurasının səyyar iclasını keçirməliydi. Yeni siyahını ozamankı prezident Ayaz Mütəllibov 1991-ci il noyabrın 19-u, saat 23:00-da təsdiqləyir...

Hadisədən əvvəlki hazırlıqlarla bağlı qısa xatırlatmadan göründüyü kimi, bu, Azərbaycana qarşı düşünülmüş aksiya olub. Onun ssenarisi Moskvada hazırlanıb. Ehtimal etmək olar ki, bu hadisənin koordinatoru və ona məsul şəxs Viktor Polyaniçko olub. Bir məsələni də qeyd edək ki, SSRİ-də müttəfiq respublikalar yerli kommunist partiyaların mərkəzi komitəsi tərəfindən idarə edilib. Komitənin ikinci katibi yerli olmayan etnosun nümayəndəsi olmaması barədə qeyri-rəsmi qayda var idi. Bu baxımdan, həmin dövrdə Azərbaycanı faktiki olaraq Viktor Polyaniçko idarə edib.

İkinci katibin fəaliyyəti Azərbaycanda milli azadlıq mübarizəsinin başladığı dövrlə eyni vaxta düşür. 1988-ci il noyabrın 17-də ermənilərin Qarabağda Topxana meşəsini qırmasına görə etiraz aksiyaları başlayıb. Bu, təkcə ağacların qırılmasına qarşı etiraz deyildi. Bu, Moskvanın ermənilərin əli ilə Ermənistandan qovulan minlərlə azərbaycanlının hüquqlarının tapdanmasına, Azərbaycan sərvətlərinin talan edilməsinə, eləcə də qondarma "Dağlıq Qarabağ Muxtar Vilayəti"nin mövcudluğuna etiraz idi.

Noyabrın 17-dən dekabrın 5-dək davam etmiş bu hərəkat sovetin güc strukturları tərəfindən amansızcasına yatırılmışdı.

1989-cu ilin sonunda sərhəd hadisələri baş verib. Onun ardınca 1990-cı ilin yanvarında anti-sovet mitinqlər daha da güclənmişdi. Azadlıq hərəkatının hədəfi SSRİ-nin tərkibindən çıxmaq idi. Qarabağda, Ermənistanda azərbaycanlılara qarşı vəhşilikləri kommunist rejimin təşkil etdiyinə heç bir şübhə qalmamışdı. 1990-cı ilin yanvarında etiraz mitinqlərində kommunist və komsomol biletlərinin kütləvi şəkildə yandırılması da bu etirazın göstəricilərindən sayılırdı.

1989-90-cı illərdə hərəkata qarşı törədilən cinayətlərin "rejissoru"nun ikinci katib Polyaniçko olmasını təxmin etmək olar.

1991-ci il martın 17-də keçmiş müttəfiq respublikalarında SSRİ-nin tərkibində qalıb-qalmamaqla bağlı referendum keçirildi. Bu siyasi kampaniyanın nəticələrini Viktor Polyaniçkonun nəzarət, Ayaz Mütəllibovun başçılıq etdiyi Azərbaycan hakimiyyəti saxtalaşdıraraq Moskvanın istədiyi nəticəni elan etdi.

1991-ci il oktyabrın 18-də keçirilmiş referendumda isə Azərbaycan sovetlərə qarşı səs verdi. Onda Moskvanın nümayəndəsi - ikinci katib faktla barışmalı olmuşdu. Çünki SSRİ-nin çöküşü geridönməz hadisəyə çevrilmişdi. Keçmiş mövqeləri qaytarmaq məqsədilə Moskvada "QKÇP" qiyamı (Fövqəladə Vəziyyət üzrə Dövlət Komitəsi) da baş vermişdi.

Kreml Cənubi Qafqazda nüfuzunu itirməmək, gələcək təsir imkanlarını əlində saxlamaq üçün müxtəlif vasitələrdən istifadə edirdi.

Helikopterin göyərtəsində Azərbaycanın dövlət xadimlərinin olduğunu nəzərə alsaq, o zaman noyabrın 20-də Moskvanın erməni əlaltıları ilə birlikdə törətdiyi vəhşiliyi Azərbaycanın müstəqilliyinə vurulan zərbə saymaq olar.

Azərbaycanın müstəqilliyinin rəsmiləşməsi ilə Kommunist Partiyasının hakimiyyəti sona çatdı. Moskvanın kuratorları, ikinci katibi də ölkədən çıxdı.

Noyabrın 20-də törədilən faciəni Moskva və erməni birləşmələrin müstəqilliyini de-yure bərpa etməkdə olan Azərbaycana qarşı terror da adlandırmaq olar.

Onlar bu əməllərini 1992-ci il fevralın 26-da Xocalıda bir qədər fərqli şəkildə davam etdirmişdilər.

Moksvanın Azərbaycana qarşı apardığı terror aksiyaları sonralar da davam edib. 1994-cü il martın 19-u və iyulun 3-də Bakı metropolitenində törədilən teraktların izi də Rusiyaya gedir. Bu cinayətlər nəticəsində 27 nəfər həlak olmuş və 91 nəfər yaralanmışdı.

Noyabrın 20-də törədilən terror aktından 34 il ötür. Bu faciəyə görə hələ heç kim nə Rusiyada, nə də Ermənistanda cinayət məsuliyyətinə cəlb edilməyib.

İkinci katibin həyatı isə törətdiyi əməllərə uyğun bitib. "QKÇP"dən sonra Viktor Polyaniçko bütün vəzifələrini itirərək Moskvaya qayıdıb. İl yarım heç kimin yadına düşməyən "ikinci katib" RF-nin ovaxtkı prezidenti Boris Yeltsinin əmri ilə 1993-cü il iyunun 23-də Şimali Osetiya və İnquşetiyaya müvəqqəti canişin təyin olunub. Həmin il avqustun 1-də Viktor Polyaniçko Şimali Osetiyada öz xidməti maşınında inquş döyüşçülərin rəhbərləri ilə görüşə gedərkən hücuma məruz qalıb və güllələnərək öldürülüb. Tibbi ekspertiza onun 15 güllə yarasından yerindəcə öldüyünü müəyyən edib. Onunla bərabər, Vladiqafqaz qarnizonunun rəhbəri general-mayor Anatoli Korecki və "Alfa" xüsusi təyinatlı dəstənin baş leytenantı Viktor Kravçuk da öldürüldü. İndiyədək "ikinci katibin" ölümü ilə bağlı hadisə açılmayıb.

Noyabrın 20-də törədilmiş teraktın qurbanlarının mübarizəsi yarımçıq qalmayıb. Onların qətlindən 29 il sonra uğurunda mübarizə aradıqları torpaqlar işğaldan azad olundu. Ağdamın işğaldan azad olmasının, Ağdam Şəhər Gününün noyabrın 20-də qeyd edilməsi həmin qurbanların Azərbaycan adına apardıqları haqlı mübarizənin uğurla davam etdiyinin nümunəsidir.

Son xəbərlər

Bütün Xəbər Lenti