Kallas: Aİ ölkələri Rusiyaya qarşı 20-ci sanksiyalar paketi ideyasını dəstəkləyib
- 20 oktyabr, 2025
- 18:13

Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya iqtisadi təzyiqi davam etdirmək məqsədilə ölkəyə qarşı artıq 20-ci sanksiya paketinin tətbiqi ideyasını dəstəkləyib.
"Report"un Avropa bürosunun məlumatına görə, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Aİ ölkələrinin Xarici Əlaqələr Şurasının yekunları üzrə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Aİ Rusiyaya iqtisadi təzyiqi gücləndirmək və Ukraynaya maliyyə və enerji yardımınıın təqdim edilməsini sürətləndirmək niyyətindədir.
"Bu həftə Aİ Rusiyaya qarşı yeni sanksiya paketi qəbul etmək niyyətindədir. Rusiyanın əlindən aldığımız hər avro onun müharibəyə xərcləyə bilməyəcəyi avrodur", - o vurğulayıb və əlavə edib ki, üzv dövlətlər artıq 20-ci sanksiya paketi ideyasını dəstəkləyib, bu, növbəti addım olacaq.
Ali nümayəndə həmçinin bildirib ki, nazirlər ABŞ Prezidenti Donald Trampın müvafiq çağırışını dəstəkləyərək Rusiyadan neft və qaz alışını dayandırmağa razılıq veriblər.
Kallas təsdiq edib ki, Aİ Ukraynanın təcili müdafiə ehtiyaclarının qarşılanması üçün Rusiyanın dondurulmuş aktivlərini səfərbər etməyə hazırlaşır.
Bundan əlavə, Aİ Rusiyanın yeni hücumlarına məruz qalan Ukraynanın enerji infrastrukturunun müdafiəsi üçün əlavə tədbirlər təklif etmək niyyətindədir. İttifaq Ukraynaya qaz tədarükünü artırmağı və zədələnmiş obyektlərin təmirinə kömək etməyi planlaşdırır.