İsrailin daimi nümayəndəsi: Diplomatiyaya şans verəcəyik, lakin istənilən tədbiri görəcəyik

Digər ölkələr
  • 08 oktyabr, 2025
  • 03:55
İsrailin daimi nümayəndəsi: Diplomatiyaya şans verəcəyik, lakin istənilən tədbiri görəcəyik

İsrail yaxın bir neçə gün ərzində Fələstinin radikal HƏMAS hərəkatı ilə vasitəçilərlə danışıqlar aparacaq, lakin danışıqlar uğursuz olsa, Qəzza zolağında girovların qaytarılması üçün müstəqil hərəkət etməyə hazırdır.

"Report"un məlumatına görə, bu barədə İsrailin BMT-dəki daimi nümayəndəsi Dani Danon "Fox Business" telekanalına müsahibəsində bildirib.

"Biz yaxın bir neçə gün ərzində Misirdə danışıqlar aparanlarla olacağıq, HƏMAS-ın həqiqətən təklif olunan planla razılaşmaq və oyun oynamağı dayandırmaq niyyətində olub-olmadığını müəyyən edə biləcəyik. Əgər diplomatiya problemi həll edə bilməsə, öz imkanlarımıza qayıdacağıq; nə olursa-olsun, girovları qaytaracağıq", - o deyib.

Sentyabrın 29-da Ağ Ev ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında münaqişənin həllinə yönəlmiş hərtərəfli planını açıqlayıb. Sənəd 20 bənddən ibarətdir və digər məsələlərlə yanaşı, Fələstin anklavında müvəqqəti idarəetmənin tətbiqini, orada sabitləşmə üzrə beynəlxalq qüvvələrin yerləşdirilməsini nəzərdə tutur.

İsrail planla razılaşdığını açıqlayıb. Fələstinin HƏMAS hərəkatı Qəzzada saxlanılan bütün israilli girovları azad etməyə və həlak olanların meyitlərini təhvil verməyə hazır olduğunu bildirib.

Oktyabrın 6-da axşam saatlarında Şarm əl-Şeyxdə İsrail və HƏMAS nümayəndə heyətləri arasında vasitəli danışıqlar bərpa edilib. Danışıqlara Misir və Qətərdən olan nümayəndələr vasitəçilik edir, ABŞ-ni isə Prezidentin xüsusi elçisi Stiven Uitkoff və Trampın baş müşaviri Cared Kuşner təmsil edir.

Son xəbərlər

Bütün Xəbər Lenti