ABŞ-nin hüquq və texnologiya firmalarına haker hücumu olub
- 08 oktyabr, 2025
- 04:37

Federal Təhqiqat Bürosunun (FTB) Vaşinqton bölməsi ABŞ-nin 12-dən çox böyük hüquq və texnologiya firmasına haker hücumları ilə bağlı araşdırmaya başlayıb.
"Report" xəbər verir ki, bu barədə "The New York Times" mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, son aylar kompüter sistemlərinin parolu sındırılan şirkətlərdən biri ABŞ-nin 42-ci prezidenti Bill Klinton və keçmiş birinci xanım, sabiq dövlət katibi Hillari Klinton da daxil olmaqla, Amerikanın əsas siyasətçilərini təmsil edən nüfuzlu "Williams & Connolly" hüquq şirkəti olub.
Firma müştərilərə xəbərdarlıq edib ki, kiber cinayətkarlar bəzi e-poçt yazışmalarına giriş əldə ediblər, lakin heç bir məxfi məlumat oğurlanmayıb.
"The New York Times" yazır ki, hücumlarda çinli hakerlər iştirak edə bilər.