Fransa Rusiyanın Ukraynaya zərbələri zamanı Azərbaycan səfirliyinin zərər görməsini pisləyib
- 15 noyabr, 2025
- 20:10
Fransa noyabrın 13-dən 14-nə keçən gecə Rusiya tərəfindən Ukrayna ərazisinə endirilən kütləvi zərbələri qətiyyətlə pisləyir. Bu hücumlar nəticəsində həmin ölkədəki Azərbaycan səfirliyi də zərər görüb.
"Report"un məlumatına görə, bu barədə Fransanın Xarici İşlər Nazirliyinin saytında yayımlanan bəyanatda qeyd olunub.
"Fransa noyabrın 13-dən 14-nə keçən gecə Rusiya tərəfindən Ukrayna ərazisinə, əsasən də, paytaxt Kiyevə, onun enerji obyektlərinə, yaşayış məhəllələrinə və xəstəxanaya endirilən kütləvi zərbələri pisləyir. Nəticədə çoxlu sayda insan həlak olub və yaralanıb, o cümlədən uşaqlar, həmçinin Azərbaycanın səfirliyi də zərər görüb", – deyə məlumatda qeyd olunub.
Fransa XİN-in bildirdiyinə görə, bir neçə atəş ilə buraxılan təxminən 430 pilotsuz uçuş aparatı və 18 raketin istifadəsi ilə həyata keçirilən bu genişmiqyaslı zərbələr daha da gərginləşməni və "Rusiyanın sülh naminə öhdəlik götürmək istəməməsini nümayiş etdirir".
"Fransa Ukrayna, onun xalqı və hakimiyyəti, həmçinin Azərbaycanın səfirliyinin əməkdaşları ilə tam həmrəylik ifadə edir. O, Ukraynanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə dəyişməz dəstəyini bir daha xatırladır. Fransa bütün tərəfdaşları ilə birlikdə Ukraynaya dəstəyini gücləndirməyə və Rusiyaya təzyiqi artırmağa davam edəcək ki, müharibə dayandırılsın", – deyə XİN yekunlaşdırıb.