Fransada BFMTV-nin yayımı partlayış təhlükəsi səbəbindən dayandırılıb
- 15 noyabr, 2025
- 21:33
Fransanın 24 saat fəaliyyət göstərən xəbər telekanalı BFMTV-nin yayımı, studiyasının yerləşdiyi binaya partlayış təhlükəsi barədə verilən məlumat səbəbindən pozulub.
"Report" xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti yazıb.
Məlumata əsasən, aparıcılar studiyanı tərk etməli olublar. Yerli vaxtla saat 15:19-da (Bakı vaxtı ilə 18:19) telekanal binasında əməkdaşların təxliyəsi elan edilib. Polis əməkdaşları Parisin XV dairəsində yerləşən binaya gəlib. Yoxlama bir internet istifadəçisinin telekanalın studiyasının yerləşdiyi binanın saat 15:15-də partlayacağını yazmasından sonra başlayıb.
Hazırda BFMTV efirində köhnə sənədli filmlər yayımlanır. Telekanal "X" sosial şəbəkəsində açıqlama yayaraq yayım cədvəlindəki dəyişiklikləri təhdidlə izah edib:
"Binamızda təhdid səbəbindən təxliyə elan olunub. Polis yoxlama aparmaq üçün əraziyə gəlib. Verilişlərimizin yayımı dayandırılıb. Komandalarımız yayımı mümkün qədər tez bərpa etməyə çalışır", – açıqlamada bildirilir.