Finlandiya Fələstində münaqişənin sülh yolu ilə həllinə dair bəyannaməyə qoşulub

Digər ölkələr
  • 05 sentyabr, 2025
  • 12:38
Finlandiya Fələstində münaqişənin sülh yolu ilə həllinə dair bəyannaməyə qoşulub

Finlandiya Fələstin məsələsinin sülh yolu ilə həlli və iki dövlət prinsipinin həyata keçirilməsinə dair bəyannaməyə qoşulub.

"Report" "Reuters" informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Agentliyin məlumatına görə, bəyannamə iyul ayında Səudiyyə Ərəbistanı və Fransanın BMT-də təşkil etdiyi çoxillik münaqişəyə dair beynəlxalq konfransda qəbul edilib. "Reuters" qeyd edir ki, ABŞ və İsrail tədbiri boykot edib.

"Fransa və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi proses son illərdə iki dövlətin yaradılması yolu ilə problemin həllinə şərait yaratmağa yönəlmiş çox mühüm beynəlxalq təşəbbüsdür", - Finlandiyanın xarici işlər naziri Elina Valtonen bildirib.

Bəyannamədə İsraillə HƏMAS arasında müharibənin dayandırılması ilk addım olaraq qeyd olunub.

Səudiyyə Ərəbistanı və Fransa BMT-yə üzv olan ölkələri bəyannaməni dəstəkləməyə çağırıb.

İspaniya və Norveçdən fərqli olaraq, Finlandiya Fələstini dövlət kimi tanımayıb.