Bolqarıstanın aviadispetçerləri fon der Lyayenin təyyarəsini alternativ üsulla yerə endiriblər

Digər ölkələr
  • 02 sentyabr, 2025
  • 17:26
Bolqarıstanın aviadispetçerləri fon der Lyayenin təyyarəsini alternativ üsulla yerə endiriblər

Bolqarıstanın aviadispetçerləri içərisində Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin olduğu təyyarəni Plovdiv hava limanına yaxınlaşarkən elektron naviqasiya sistemində yaranmış nasazlıq səbəbindən yerüstü naviqasiya sistemlərindən istifadə edərək yerə endirib.

"Report"un Avropa bürosunun məlumatına görə, bunu Aİ-nin mətbuat xidmətinin rəhbəri Paula Pinyo bəzi KİV və "Flightradar24" xidmətinin AK prezidentinin təyyarəsində GPS ilə bağlı problemlərin olmadığı barədə iddialarını təkzib edərək bildirib.

Pinyo izah edib ki, GPS sisteminə müdaxilələr barədə Bolqarıstanın hava hərəkətini idarəetmə orqanları məlumat verib.

"Bolqarıstanın aviadispetçerləri bildiriblər ki, Avropa Komissiyasının prezidentinin Plovdivə uçuşu zamanı GPS naviqasiyasının işini təmin edən peyk siqnalı təyyarə hava limanına yaxınlaşarkən pozulub. Siqnal itib. Təhlükəsizliyi təmin etmək üçün aviadispetçer xidməti yerüstü naviqasiya sistemlərindən - instrumental eniş sistemindən istifadə edərək alternativ variant təklif edib", - o bildirib.

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, təyyarə uğurla eniş edib.

O, həmçinin vurğulayıb ki, Rusiyanın Ukraynaya hücuma başladığı 2022-ci ilin fevralından Bolqarıstanda və Aİ-nin şərq cinahında - Finlandiyadan Kiprə qədər hava və dəniz naviqasiyasına müdaxilə halları artıb.

"Bu, xüsusilə münaqişə zonalarına yaxın bölgələr - Baltik dənizindən Qara dənizə qədər geniş ərazilər üçün səciyyəvidir. Məhz buna görə müdafiəyə investisiya qoyuluşu vacibdir", - o deyib.