BMT zəlzələ ilə bağlı Əfqanıstana 25 yardım və qiymətləndirmə qrupu göndərib
- 03 sentyabr, 2025
- 03:39

BMT Əfqanıstanda baş vermiş zəlzələnin nəticələrini qiymətləndirmək və aradan qaldırmaq məqsədilə azı 25 yardım və qiymətləndirmə qrupunu bölgəyə göndərib.
"Report"un məlumatına görə, bu barədə BMT-nin Məsələlərin Əlaqələndirilməsi Ofisi məlumat yayıb.
"Birləşmiş Millətlər Təşkilatı bölgəyə azı 25 qiymətləndirmə qrupunu göndərib və artıq fəlakətin nəticələrinin aradan qaldırılması üçün dəstək göstərir – yardımçılar ilkin zəruri ehtiyacları olan məhsulları ərazilərə çatdırırlar", - məlumatda qeyd olunub.
Qurum həmçinin xəbərdarlıq edib ki, sığınacaq tikintisi üçün materiallar və tibbi ləvazimatlar tükənmək üzrədir və mövcud maliyyə resursları bütün ehtiyacları qarşılamaq üçün kifayət deyil.
O da vurğulanıb ki, bu təbii fəlakət şiddətli quraqlıq, qonşu ölkələrdən milyonlarla əfqan qaçqının geri dönməsi kimi çoxsaylı humanitar böhranlarla üzləşən ölkəni çıxılmaz vəziyyətə salıb.
Xatırladaq ki, 31 avqustda Əfqanıstanın şərqində yerləşən Hindukuş dağlarında 6,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Əsədabad şəhərindən 27 km cənub-qərbdə qeydə alınıb. Khaama Press agentliyinin məlumatına görə, güclü təkanlar nəticəsində kəndlər dağılıb, torpaq sürüşmələri isə bəzi yaşayış məntəqələrinə gedən yolları bağlayıb və kommunikasiya xətlərini zədələyib.
Dağlıq və çətin keçilən ərazilərdə xilasetmə işləri davam etdirilir.
Əfqanıstan hakimiyyətinin son məlumatına görə, zəlzələ nəticəsində 1 411 nəfər həlak olub, 3 124 nəfər isə yaralanıb.