Almaniyada seçkiqabağı AfD-nin altı namizədi ölüb
- 03 sentyabr, 2025
- 02:17

Yerli seçkilərə iki həftədən az qalmış Almaniyanın qərbində yerləşən Şimali Reyn-Vestfaliya federal torpağında ifrat sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyasından altı namizədin vəfat etdiyi bildirilib.
"Report" bu barədə "BBC News"a istinadən xəbər verir.
Əvvəlcə yalnız dörd siyasətçinin ölümü barədə məlumat verilmişdi. Lakin sonradan bu say altıya yüksəlib.
Şimali Reyn-Vestfaliya Daxili İşlər Nazirliyi həmçinin bəyan edib ki, seçki kampaniyası dövründə digər partiyalardan – o cümlədən Yaşıllar və Sosial Demokratlardan da bir neçə namizəd dünyasını dəyişib.
Polis rəsmiləri isə vurğulayıblar ki, bu ölümlərdə şübhəli heç nə yoxdur, lakin yaranmış vəziyyət bülletenlərin yenidən çap edilməsinə və artıq poçtla səs vermiş bəzi seçicilərin yenidən səs verməsinə səbəb olub.
Seçkilər 14 sentyabr tarixinə təyin olunub. 18 milyon əhalisi olan Şimali Reyn-Vestfaliyada keçiriləcək bu seçkilərdə ümumilikdə 20 minə yaxın namizəd iştirak edir.
Sosial şəbəkələrdə isə xüsusilə AfD partiyasının namizədləri arasında baş verən ölüm hallarının çoxluğu ictimai narahatlığa və geniş müzakirələrə səbəb olub.