Almaniyanın XİN başçısı İsrail və "Hizbullah"ı atəşkəsə riayət etməyə çağırıb

Digər ölkələr
  • 31 oktyabr, 2025
  • 21:25
Almaniyanın XİN başçısı İsrail və Hizbullahı atəşkəsə riayət etməyə çağırıb

Almaniyanın xarici işlər naziri Yohann Vadeful İsrail və "Hizbullah"ı atəşkəsə riayət etməyə çağırıb.

Bu barədə "Report" DPA-ya istinadən xəbər verir.

"Mənim üçün ən vacib şey hər iki tərəfin atəşkəsə riayət etməsidir və mən onları yalnız buna çağıra bilərəm", - Vadeful Livana səfəri zamanı bildirib.

O qeyd edib ki, "Hizbullah" silahı yerə qoymalı, Livan hökuməti hərəkatın tərksilahı üçün etibarlı, şəffaf və sürətli proses təmin etməlidir.

Nazirin sözlərinə görə, atəşkəsə riayət etməyin ən vacib şərti İsrail Ordusunun Livanın cənubundan çıxarılması və ölkənin suverenliyinin qorunmasıdır. Vadeful vurğulayıb ki, İsrailin şimaldakı təhlükəsizlik maraqlarına baxmayaraq, Təl Əviv Livan dövlətinə və ordusuna cənuba nəzarəti bərpa etmək imkanı verməlidir.

"Yalnız bu yolla davamlı sülhə nail olmaq olar", - nazir deyib. O, əlavə edib ki, uzunmüddətli perspektivdə Livan və İsrail arasındakı sərhəd məsələsi də danışıqlar yolu ilə həll olunmalıdır.

Bundan əlavə, Almaniyanın XİN başçısı mandatı 2026-cı ildə başa çatacaq BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) mandat müddətinin uzadılması ideyasını Aİ-də təşviq etmək niyyətini açıqlayıb.

"Bu bölgədə sabitlik Avropada və Almaniyada təhlükəsizlik, sabitlik üçün vacib şərtdir", - Vadeful vurğulayıb. O, əlavə edib ki, Almaniya hökuməti artıq UNIFIL-in mandatının bitməsindən sonrakı dövrü nəzərdən keçirir.

Son xəbərlər

Bütün Xəbər Lenti