Aİ və Özbəkistan tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb
- 24 oktyabr, 2025
- 15:57
Avropa İttifaqı (Aİ) və Özbəkistan bu gün "genişləndirilmiş tərəfdaşlıq və əməkdaşlıq haqqında" Saziş imzalayıb.
"Report"un Avropa bürosunun Aİ Şurasına istinadən verdiyi məlumata görə, saziş Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Brüsselə səfəri zamanı imzalanıb.
Yeni sənəd kibertəhlükəsizlik, terrorizmə qarşı mübarizə, sərhəd mühafizəsi və hibrid təhdidlərə qarşı mübarizə sahəsində əməkdaşlığı əhatə edir.
Tərəflər müəyyən şərtlər daxilində readmissiya və viza rejiminin sadələşdirilməsi haqqında sazişlər barədə danışıqlar aparmağa hazır olduqlarını bildiriblər.
Aİ Özbəkistanın islahatlar, qanunun aliliyinin gücləndirilməsi, insan hüquqları, gender bərabərliyi və s. sahələrdə atdığı addımları alqışlayıb. Ölkənin Ümumdünya Ticarət Təşkilatına üzvlük istiqamətində irəliləməsi xüsusilə qeyd edilib.
Avropa İttifaqı və Özbəkistan, həmçinin iqlim dəyişikliyi ilə mübarizə, su və enerji ehtiyatlarının inkişafı və Aral dənizinin ekosisteminin bərpası istiqamətində səylərdə əməkdaşlıq edəcəklər.