Hakan Fidan Ankarada TÜRKPA-nın Baş katibi Ramil Həsəni qəbul edib
- 24 oktyabr, 2025
- 18:09
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada TÜRKPA-nın Baş katibi, səfir Ramil Həsəni qəbul edib.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
H.Fidan R.Həsəni vəzifə səlahiyyətlərinin icrasına başlaması münasibətilə öz təbriklərini çatdırıb və ona fəaliyyətində uğurlar arzu edib.
Baş katib öz növbəsində TÜRKPA nümayəndə heyətinə göstərilən səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirib.
Görüşdə əməkdaşlığın gücləndirilməsinə dair fikir mübadiləsi aparılıb və qarşıdakı dövr ərzində ikitərəfli əlaqələr çərçivəsində yeni mexanizmlərin tətbiqinin vacibliyi vurğulanıb.
Həmçinin TÜRKPA-nın üzv dövlətlərinin parlamentləri, xarici işlər nazirlikləri arasında və Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində qanunların ratifikasiyası üzrə dialoq və əlaqələndirilməsini asanlaşdıran platforma kimi rolunun gücləndirilməsi müzakirə olunub.
Baş katibi onun müavinləri Talqat Aduov və Muhammet Alper Hayali müşayiət ediblər.