QHT Forumunun Xankəndidə keçirilməsi çox önəmli mesaj idi - RƏY
- 24 oktyabr, 2025
- 17:51
QHT Forumunun məkan baxımından Xankəndidə keçirilməsi özlüyündə çox önəmli mesaj idi.
"Report" xəbər verir ki, bunu oktyabrın 19-20-də Xankəndidə keçirilmiş "Konstitusiya və suverenlik" mövzusuna həsr olunan QHT-lərin Əməkdaşlıq Forumunu dəyərləndirən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev deyib.
Onun sözlərinə görə, Xankəndidə keçirilən QHT Forumu mahiyyətcə yalnız vətəndaş cəmiyyətinin toplantısı yox həm də Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və dövlət-cəmiyyət birliyinin canlı ifadəsinə çevrilən tarixi hadisə idi:
"Uzun illər Qarabağ mövzusunda beynəlxalq platformalarda Azərbaycanın haqq səsini çatdıran, informasiya müharibəsində ön cəbhədə dayanan və humanitar sahədə mühüm işlər görən QHT-lər indi artıq Qarabağın özündə - Xankəndidə - hesabat verirdilər. Forumun məkan baxımından Xankəndidə keçirilməsi özü bir önəmli mesaj idi. Bu, Azərbaycanın dövlət suverenliyinin təkcə hərbi deyil, ideoloji və ictimai müstəvidə də bərpa olunduğunun göstəricisidir.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva da öz çıxışında QHT-lərin son illərdəki aktivliyini vurğulayaraq 19 dövlət proqramı üzrə 67 tapşırığın icrasını Agentliyin 97 faiz göstərici ilə tamamladığını, bu nəticənin qurumun tarixində ilk dəfə əldə olunduğunu bildirdi".
BAMF rəhbəri əlavə edib ki, tədbirdə yerli qeyri-hökumət təşkilatlarının qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərdikləri qeyd olunub.
O vurğulayıb ki, 2023-cü ilin sentyabrında dövlət suverenliyinin tam bərpası əməliyyatı həmin prosesin məntiqi yekunu oldu, 15 oktyabrda isə Prezident İlham Əliyev Xankəndidə Azərbaycan Bayrağını ucaltdı – bununla da erməni separatizminin sonu gəldi.
U.Mirzəyev Forum çərçivəsində İraq türkmanlarının mövcud vəziyyətlərinin müzakirə olunduğu panelin təşkil edildiyini xatırladıb:
"Xankəndidə keçirilən Forumun ruhu təkcə Qarabağla məhdudlaşmadı, o, bütöv Türk dünyasının yaddaşına da səsləndi. Çünki bu gün Kərkükdə türkmənlərin milli-mədəni varlığını qorumaq uğrunda apardığı mübarizə ilə Xankəndidə vətəndaş cəmiyyətinin səsləndirdiyi iradə arasında dərin bir paralellik var. Hər iki məkan tarixi kimlik uğrunda mübarizənin, köklərə sədaqətin və milli iradənin simvoludur. Forum çərçivəsində təşkil olunmuş "Türkmən irsi – tarixi köklərə sədaqət" paneli də bu məqamı xüsusi vurğuladı. Çıxışlarda türkmənlərin tarixi köklərinin qorunması, Kərkükdə milli kimliyin saxlanması və Azərbaycan–Türkmən əlaqələrinin daha da gücləndirilməsi ilə bağlı təkliflər də irəli sürüldü".