Aİ-nin 19-cu sanksiyalar paketi Rusiyanın bir neçə bankını əhatə edə bilər

Digər ölkələr
  • 08 sentyabr, 2025
  • 12:19
Aİ-nin 19-cu sanksiyalar paketi Rusiyanın bir neçə bankını əhatə edə bilər

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 19-cu sanksiyalar paketi Rusiyanın bir neçə bankına və enerji şirkətlərinə təsir edə bilər.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" öz mənbələrinə istinadən yazır.

Paket həmçinin Rusiyanın ödəniş və kart sisteminə qarşı tədbirləri və neft ticarətinə əlavə məhdudiyyətləri əhatə edə bilər.

Bundan əlavə, Aİ Rusiya ilə əlaqəli gəmiləri "qara siyahı"ya daxil edə bilər, üçüncü ölkələrdəki neft treyderlərinə qarşı tədbirlər görə, artıq sanksiyalar siyahısına daxil edilmiş tankerlərin təkrar sığortalanmasını qadağan edə, eləcə də Rusiyanın neft şirkətlərinə qarşı sanksiyaları sərtləşdirə bilər.

Aİ həmçinin Rusiyanın müdafiə-sənaye kompleksində istifadə olunan bəzi malların və kimyəvi maddələrin ixracına qadağa qoymağı, bu malları tədarük edən şirkətlərə, o cümlədən Çin şirkətlərinə qarşı ticarət məhdudiyyətləri tətbiq etməyi planlaşdırır.

Mənbələrin məlumatına görə, Aİ ilk dəfə olaraq Qazaxıstana qarşı sanksiyalardan yayınma ilə mübarizə mexanizmini tətbiq etmək istəyir. Aİ hesab edir ki, bu ölkə Rusiyaya silah istehsalı üçün yararlı olan sənaye avadanlığı ixrac edir.

Avropa İttifaqı bu tədbirlərin bəzilərini ABŞ ilə koordinasiya etməyə ümid edir.