ABŞ-də azərbaycanlı icma rəhbəri Cənubi Türk Amerika Ticarət Palatasının vitse-prezidenti seçilib

Digər ölkələr
  • 20 noyabr, 2025
  • 23:29
ABŞ-də azərbaycanlı icma rəhbəri Cənubi Türk Amerika Ticarət Palatasının vitse-prezidenti seçilib

ABŞ-nin Florida ştatında fəaliyyət göstərən Florida Azərbaycan İcmasının rəhbəri Esmira Bayramova Cənubi Türk Amerika Ticarət Palatasının vitse-prezidenti seçilib.

"Report"un ABŞ bürosu xəbər verir ki, o, ötən il palataya üzv seçilib və bir illik fəaliyyəti nəticəsində təşkilat rəhbərliyi daxili seçkilərlə həmyerlimizi vitse-prezident vəzifəsinə təyin edib.

E.Bayramova "Report"a açıqlamasında bildirib ki, o, Azərbaycan və türk icmalarının ABŞ-dəki biznes və icma fəaliyyətlərini birləşdirən yeni təşəbbüslərin müəllifi kimi iki qardaş ölkə arasında daha güclü əməkdaşlıq qurmağı hədəfləyir.

Onun sözlərinə görə, məqsəd palatanın çətiri altında Azərbaycan və türk sahibkarlarını bir araya gətirmək, biznes və texnologiya sahələrində yeni tərəfdaşlıqlar yaratmaq, mədəni və ictimai tədbirlərin təşkilinə dəstək vermək və Florida başda olmaqla, ABŞ-də iki icma arasında davamlı körpülər qurmaqdır.

Qeyd edək ki, Cənubi Türk Amerika Ticarət Palatası biznesmenlərin, sahibkarların fikir, strategiya və təcrübələrini bölüşmək üçün bir araya gəldiyi platformadır. Palatanın məqsədi ABŞ-də və xaricdəki üzvlər arasında tərəfdaşlıqların gücləndirilməsinə, məlumat mübadiləsinin inkişafına, biznes imkanlarının təşviqinə uyğun mühit yaratmaqdır. Təşkilatın əsas hədəfi üzvlərin bütün potensialını açmaq, onların qlobal bazarda inkişafına lazım olan alətlər, resurslar və şəbəkələrlə təmin etməkdir.

Esmira Bayramova Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Biznes Məktəbinin məzunudur və hazırda Kembric Universitetində təhsilini davam etdirir. O, ABŞ-də fəaliyyət göstərən Kosmik və Süni İntellekt Texnologiyaları şirkətində Baş Mühəndislik meneceri vəzifəsində çalışır. 2015-ci ildən Florida Azərbaycan İcmasının rəhbəri və təsisçisidir.

Son xəbərlər

Bütün Xəbər Lenti