Şimal–Cənub nəqliyyat dəhlizinin reallığa çevrilməsi praktiki mərhələyə qədəm qoyub - RƏY

Daxili siyasət
  • 10 noyabr, 2025
  • 12:31
Şimal–Cənub nəqliyyat dəhlizinin reallığa çevrilməsi praktiki mərhələyə qədəm qoyub - RƏY

Azərbaycan regionun əsas nəqliyyat və logistika mərkəzinə çevrilmək istiqamətində ardıcıl siyasət yürüdür.

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Şahin Seyidzadə deyib.

Onun sözlərinə görə, bu kontekstdə Şərq–Qərb nəqliyyat dəhlizi ilə yanaşı, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması istiqamətində əməli addımların davam etdirildiyi kimi, Şimal–Cənub nəqliyyat dəhlizinin (ŞCND) reallığa çevrilməsi də artıq praktiki mərhələyə qədəm qoyub:

"Dəhlizin əsas məqsədi Hind okeanından Avropaya qədər olan geniş coğrafiyada malların daha qısa, təhlükəsiz və iqtisadi cəhətdən səmərəli daşınmasını təmin etməkdir. Bu marşrutun mərkəzində Azərbaycan yerləşir - ölkəmiz həm infrastruktur imkanları, həm coğrafi mövqeyi, həm də sabit siyasi mühiti ilə bu beynəlxalq layihənin əsas dayağına çevrilib".

Deputat qeyd edib ki, bu istiqamətdə Azərbaycan, Rusiya baş nazirlərinin müavinləri və İranın nəqliyyat nazirinin Bakıda keçirilən görüşü xüsusi əhəmiyyət daşıyır:

"Görüş zamanı dəhlizin koordinasiyalı şəkildə tam işə salınması, yüklərin rəqəmsal izlənməsi, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi və tranzit vaxtının azaldılması kimi məsələlər müzakirə olunub. Bu, artıq layihənin siyasi bəyanat mərhələsindən çıxaraq əməli reallıq mərhələsinə keçdiyini göstərir".

Ş.Seyidzadə Azərbaycanın bu prosesdə yalnız tranzit ölkə kimi deyil, həm də regionda logistika texnologiyalarının və ticarət əlaqələrinin inteqrasiya mərkəzi kimi çıxış etməsinə xüsusi diqqət çəkib:

"Ələt Azad İqtisadi Zonası, yeni dəmir yolu xətləri və liman infrastrukturu bu məqsədə xidmət edir".

Milli Məclisin üzvü Hindistan üçün də Şimal–Cənub dəhlizi strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb:

"Çünki bu dəhliz Hindistanın Avropa, Rusiya və Mərkəzi Asiya bazarlarına çıxışını daha ucuz və daha sürətli edə bilər. Lakin təəssüf doğuran məqam odur ki, Hindistan son illər Azərbaycanla münasibətlərində qeyri-dost mövqelər nümayiş etdirir. Bu, təkcə ikitərəfli münasibətlərə deyil, həm də regionda sülh və sabitlik perspektivlərinə mənfi təsir göstərir".

O, Azərbaycan praqmatik siyasət yürütməsini əsas gətirərək bütün tərəfdaşlarla qarşılıqlı faydalı əməkdaşlığa açıq olduğunu dəfələrlə bəyan etdiyini də əlavə edib:

"Şimal–Cənub dəhlizinin uğuru qarşılıqlı etimada, qarşılıqlı faydaya və regional sabitliyə əsaslanmalıdır. Azərbaycan bu reallığı formalaşdırmaqda aparıcı rol oynayır".

Son xəbərlər

Bütün Xəbər Lenti