Azərbaycan Şimal–Cənub Dəhlizində strateji mövqeyini gücləndirir
- 10 noyabr, 2025
- 14:27
Azərbaycan Şimal-Cənub Nəqliyyat Dəhlizinin əsas həlqələrindən biri kimi strateji mövqeyini daha da gücləndirir, region ölkələri arasında artan ticarət və logistik inteqrasiyada mühüm tranzit mərkəzinə çevrilir.
Bunu "Report"a nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib.
Onun sözlərinə görə, Şimal-Cənub Dəhlizi üç əsas seqmentdən ibarətdir və əsasən Şərq seqmenti aktiv istifadə edilir:
"Bu, Xəzər dənizi üzərindən Rusiya və İran limanları arasında daşımaları nəzərdə tutur. Xəzərin suyunun səviyyəsinin azalması, xüsusilə dənizin şimal hissəsində bu prosesin daha qabarıq müşahidə olunması, marşrutun effektivliyinə təsir göstərir", - deyə ekspert qeyd edib.
R.Ağamirzəyev əlavə edib ki, Qərb seqmenti məsafə və infrastruktur baxımından ən optimal istiqamət sayılır:
"Azərbaycan bu sahədə infrastruktur üstünlüyü ilə seçilir və dəhlizin təkmilləşdirilməsi istiqamətində işlər davam edir. Hazırda yeganə tamamlanmamış hissə Rəşt-Astara dəmir yolu seqmentidir. Son məlumatlara görə, 162 kilometrlik xəttin 34 kilometrlik hissəsi üzrə torpaq ayrılması yekunlaşıb. Tikintinin 2026-cı ilin martına qədər başlanması və təxminən dörd il ərzində tamamlanaraq istifadəyə verilməsi planlaşdırılır. Hazırda bu istiqamət üzrə multimodal daşımalar da həyata keçirilir".
Ekspertin fikrincə, Araz dəhlizi - yəni Zəngəzur dəhlizinə paralel olaraq İran ərazisindən keçən avtomobil marşrutunun istifadəyə verilməsi ilə Azərbaycanın tranzit imkanları daha da genişlənəcək:
"Zəngəzur dəhlizinə paralel olaraq İran ərazisindən keçən bu avtomobil marşrutu gələn il istifadəyə verilməlidir. Bu istiqamət üzrə də Şimal-Cənub marşrutu çərçivəsində multimodal daşımaların təşkili mümkündür".
R. Ağamirzəyev qeyd edib ki, dəhlizin tam reallaşmasından sonra regionlararası iqtisadi əlaqələr güclənəcək, inteqrasiya prosesi sürətlənəcək. Bu, həm şimaldan cənuba, həm də cənubdan şimala yönələn yük axınlarına ciddi təkan verəcək.
Məlumdur ki, Şimal-Cənub Nəqliyyat Dəhlizinə ən çox maraq göstərən ölkələrdən biri Hindistandır. Bu dəhliz Rusiya, İran, Azərbaycan və Hindistanı birləşdirən, Asiyadan Avropaya malların daha sürətli və təhlükəsiz şəkildə daşınmasını təmin etməyə yönəlmiş qlobal əhəmiyyətli layihədir.
Layihənin əsas məqsədi Rusiyanı Hindistan limanları ilə, daha geniş mənada isə Cənubi Asiya, Fars körfəzi və Afrika bazarları ilə birləşdirməkdir. Bu baxımdan dəhliz Hindistan üçün yeni ticarət və logistika imkanları açır.
Eyni zamanda, bu nəqliyyat arteriyası Süveyş kanalına alternativ rolunu oynayaraq qlobal yükdaşımalar sistemini yenidən formalaşdırmaq potensialına malikdir.
Hindistan məsələsinə gəldikdə, ekspert hesab edir ki, bu ölkənin rəsmi mövqeyi ilə yanaşı, son illər Azərbaycana gələn turistlərin statistikası da diqqətəlayiqdir - Hindistan vətəndaşları ölkəmizə gələn turistlər arasında ön sıralarda qərarlaşıb. Bu da göstərir ki, iki ölkə arasında iqtisadi və sosial əlaqələrin dərinləşməsi üçün təbii baza formalaşıb.
R. Ağamirzəyevin sözlərinə görə, siyasi ritorikanı kənara qoyduqda, sahibkarlar üçün əsas maraq daha qısa və sadələşdirilmiş logistika marşrutlarıdır: "Hindistan sahibkarları üçün Şimal–Cənub dəhlizi, eləcə də Cənub–Qərb (Qara dəniz limanlarına çıxış) istiqaməti iqtisadi baxımdan cəlbedici sayılır.
Hindistanın Çabahar limanına və oradan Mərkəzi Asiya istiqamətində dəmir yollarına yatırımlar etdiyi məlumdur. Güman edilir ki, Rəşt-Astara xətti tam istismara veriləndən sonra Hindistan şirkətlərinin bu marşruta marağı daha da artacaq".
O həmçinin vurğulayıb ki, Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlıq formatı baxımından da bu dəhliz strateji əhəmiyyət daşıyır:
"Bu marşrut Pakistana birbaşa çıxış imkanı təmin edir və eyni zamanda İran üçün də Pakistana çıxış baxımından əlavə logistik imkan yaradır. Paralel olaraq, Trans-Əfqan dəmir yolu (Türkmənistan–Özbəkistan–Əfqanistan–Pakistan) marşrutu formalaşır və gələcəkdə onun Orta Dəhlizlə inteqrasiyası nəzərdə tutulur. Şimal–Cənub dəhlizi də İran üzərindən Pakistana çıxış baxımından alternativ və strateji əhəmiyyətini qoruyur".
R.Ağamirzəyev qeyd edib ki, bu prosesdə əsas diqqət tranzit vaxtının azaldılmasına yönəlməlidir.
"İran ərazisində infrastrukturun orta sürəti nisbətən aşağı olduğundan, burada ciddi investisiya tələb olunur. Lakin ümumilikdə, alternativlərin çoxalması rəqabəti artırır və region ölkələrinin inteqrasiyasını sürətləndirir. Hər bir marşrutun öz iqtisadi məntiqi və yük potensialı mövcuddur", – ekspert vurğulayıb.
Nəticə etibarilə, Azərbaycan Şimal–Cənub Nəqliyyat Dəhlizində strateji cəlbediciliyini artırır.
"Ölkə həm Şərq–Qərb, həm də Şimal–Cənub istiqamətləri üzrə regional liderdir. Azərbaycanın illərdir infrastrukturun gücləndirilməsinə yatırdığı investisiyalar yaxın illərdə həm sürətli, həm də münasib xərcli daşımaları təmin edəcək. Bu isə ölkəmizin nəqliyyat və logistika mərkəzi kimi rolunu daha da möhkəmləndirəcək", - R. Ağamirzəyev yekunlaşdırıb.