Respublika Klinik Uroloji Xəstəxanasına yeni direktor və baş həkim təyin olunub - YENİLƏNİB
- 31 oktyabr, 2025
- 13:24
 
                            
                            
                        Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasına direktor və direktor müavini təyin edilib.
"Report" xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Respublika Klinik Uroloji Xəstəxanasına Pərviz Hacıyev rəhbərlik edəcək. Xəstəxananın direktor müavini - baş həkim vəzifəsinə isə Elçin Mustafayev təyin olunub.
V.Qurbanov bu gün yeni direktor və baş həkimi kollektivə təqdim edib, müvafiq tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, P.Hacıyev ixtisasca uroloqdur və bu təyinatadək özəl tibb müəssisələrinin birində həkim-uroloq vəzifəsində çalışıb. O, 2001-2009-cu illərdə Ankara Universitetinin Tibb fakültəsində bakalavr, 2010-2015-ci illərdə urologiya ixtisası, 2016-2019-cu illər üzrə isə uşaq urologiyası ixtisası üzrə uzmanlıq təhsili alıb.
E.Mustafayev də ixtisasca uroloqdur və bu təyinatadək eyniadlı tibb müəssisəsinin Endourologiya şöbəsinin müdiri vəzifəsini icra edib. O, 1994-2000-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində, 2002-2004-cü illərdə Moskva Urologiya Elmi-Tədqiqat Universitetində klinik ordinatura, 2004-2007-ci illərdə isə aspirantura təhsili alıb.
Respublika Klinik Uroloji Xəstəxanasının direktoru Fariz Babayev vəzifəsindən azad olunub.
Məlumatı TƏBİB "Report"a təsdiqləyib.
Qeyd edilib ki, F.Babayev öz ərizəsi ilə işdən azad edilib.
Məlumat üçün bildirək ki, Fariz Hənifə oğlu Babayev 2021-ci ilin sentyabr ayında bu vəzifəyə təyin olunmuşdu.
 
             
             
             
             
             
            