Azərbaycan növbəti 4 ildə Ümumdünya Filateliya İnkişafı Assosiasiyasına rəhbərlik edəcək
- 31 oktyabr, 2025
- 15:40
 
                            
                            
                        "Azərpoçt" MMC-nin marka şöbəsinin müdiri Sitarə Hüseynova Ümumdünya Filateliya İnkişafı Assosiasiyasının ("World Association for the Development of Philately" - WADP) prezidenti təyin edilib.
Bu barədə "Report" WADP-yə istinadən xəbər verir.
Bundan əlavə, onlayn səsvermə zamanı WADP-nin 2026-2029-cu illər üçün rəhbər komitəsinin tərkibi müəyyənləşib. Komitəyə Avropa və MDB-dən Azərbaycan və Rumıniya, Afrikadan Keniya, ərəb regionundan Tunis, Asiya-Sakit okeanı regionundan Çin və Hindistan, Şimali Amerika və Qərbi Avropadan Belçika və İspaniya, Latın Amerikası və Karib hövzəsindən isə Çili kimi ölkələrin nümayəndələri daxil olub.
Məlum olduğu kimi, Azərbaycan hazırda Ümumdünya Poçt İttifaqının (ÜPİ) bütün strateji fəaliyyət istiqamətlərində fəal şəkildə təmsil olunur.
Qeyd edək ki, Azərbaycan artıq Poçt Əməliyyatları Şurasının (POC) üzvü və onun işçi qruplarından birinin həmsədri, həmçinin İnzibati Şuranın (CA) tərkibindədir.
Növbəti dörd il ərzində Azərbaycanın ÜPİ-nin fəaliyyətinin bütün səviyyələrində fəal iştirak etmək, milli maraqları təşviq etmək və ölkənin beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirmək üçün unikal imkanı olacaq.
