Qərbi Azərbaycan Xronikası: İrəvanın türk siması necə dəyişdirildi?
- 03 sentyabr, 2025
- 22:06

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrəvanın türk siması necə dəyişdirildi?" adlı veriliş hazırlanıb.
"Report" xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli verilişdə İrəvanda daşnakların planlarından və türk izlərinin silinməsindən danışıb.
O bildirib ki, İrəvanın türksüzləşdirilməsi tarixin qaranlıq səhifələrindən biridir. Daşnakların planına əsasən İrəvanda türk izləri silinib. Türklərdən ibarət İrəvanının faciəsi və gizlədilən tarix böyükdür. İrəvanın siması tamamilə dəyişdirilib, azərbaycanlıların şəhəri yadlaşdırılıb.
Onun sözlərinə görə, ermənilərin İrəvanın kimliyi və yaddaşsızlaşdırılması ilə bağlı siyasəti bu şəhərin və orada yaşayan türklərin tarixinin silinməsinə, kimlikdən məhrum edilməsinə dair gerçək faktlar çoxdur.
F.Ələkbərli İrəvan müsəlmanlarının mübarizəsindən söz açıb, deyib ki, İrəvanda azərbaycanlı deputatlar açıq mübarizəyə keçiblər, diplomatlar sərt addımlar atıblar.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

