"Qarabağdan gələn ermənilər kəndlərdə evləri yandırırdılar" - Qərbi Azərbaycan Xronikası
- 07 noyabr, 2025
- 23:34
"Baku TV"də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.
"Report" xəbər verir ki, "Əsgərliyə gedəndə hərbi komissarlıqda türk-erməni davası düşdü" adlı veriliş Zəngibasar mahalının, Zəngibasar (Masis) rayonunun Sarıcalar kənd sakini Zeynal Məmmədovun həyat hekayəsinə həsr olunub.
O, 1964-cü ildə anadan olduğunu, Sarıcalı, Reyhanlı və Həbilkənd orta məktəblərində, sonra İrəvan Kənd Təsərrüfatı Texnikumunda oxuduğunu söyləyib: "Kəndimiz Araz və Zəngi çayına yaxın yerdə yerləşirdi. İrəvanla arası 30-35 kilometr idi. Əsasən, tərəvəzçiliklə məşğul olurduq. Uşaqlıqdan ermənilərin xislətini görmüşəm. Rayondakı məscidi söküb dağıtmışdılar. Biz həmişə ermənilərdən əziyyət çəkmişik. Dükan, bazar, rayonda həmişə ermənilərlə davamız olardı. Əsgərliyə gedəndə hərbi komissarlıqda türk-erməni davası düşdü. Texnikumda oxuyanda hər gün ermənilərlə davamız olurdu. Onlar bizimlə yol getmirdilər.
Onun sözlərinə görə, babası 1905-1920-ci illərdə Sarıcalar kəndində yaşayıb və zorla evindən çıxarılıb: "Nənəm deyərdi ki, Arazın qırağında yaşayırdıq, çaydan su gətirib içərdik. 1920-ci ildən sonra babam köçüb Sarvanlar kəndinə gəlib. Babam bəy olub, orada həbs edib Üçkilsə həbsxanasına salıblar. Həbsxanadan çıxandan sonra, yaşayış yerini yenə dəyişib, bütün var-dövlətini əlindən alandan sonra köçüb bir müddət Şərurun Maxta kəndində yaşayıb. 1956-ci ildə yenidən köçüb Sarıcalar kəndində yaşayıb. Biz də 1988-ci ildə yenidən deportasiyaya məruz qaldıq".
Sarıcalar kənd sakini 1988-ci ildə anasını xəstəxanada erməni həkim öldürmək istədiyini söyləyib: "Anamı oradan oğurlayıb qaçırdım. 1988-ci ildə şəhərə çıxmaq olmurdu. Azərbaycandan gedən, Qarabağ ermənləri kəndlərə hücum edir, evləri yandırırdılar. Onların əlindən əziyyət çəkirdik. Gecə-gündüz hər evdən 2-3 nəfər kəndlərdə qarovul çəkirdik. Biz orada səksəkə ilə, qorxu içində yaşamışıq. "Moskviç"ə 15 nəfəri doldurub Arazın qırağı ilə çətinliklə Sədərəyə gəldik. Ermənilər bizdə qorxu hissi, vahiməlik yaradırdılar. Erməni vəhşiliyi o qədər güclü idi ki, hücum edib camaatı qıra bilərdilər.Gələndə bizi daşa basır, güllə atırdılar. Bunlar rus sərhədçilərinin gözləri qarşısında olurdu. Atam və anam bir gün sonra hərbçilərin yük maşını ilə gəldilər. Bir aydan sonra çox çətinliklə Bakıya gəldik. Orada böyük evimiz, eşiyimiz, 30 sot torpağımız var idi. Mülkümüz, var-dövlətimiz orada qaldı".
Vətən həsrətindən danışan Z.Məmmədov deyib ki, Ağadədə bizim həm ziyarətgah, həm də qəbirstanlıq idi: "Orada çox qədim qəbirlər var idi. Nənəmin anası da orada dəfn olunub. Biz heç vaxt dədə-baba yurdumuzu unutmadıq. Biz əminik ki, yenə qayıdacağıq, ulu babalarımızın qəbirlərini ziyarət edəcəyik. Babam, atam deportasiya olunmalarına baxmayaraq, yenə qayıdıbsa, mən də həmin hisləri yaşayıram. İnanırıq ki, həmin o gün bizə də qismət olacaq, yurdumuza qayıdıb yaşayacağıq".
Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin" fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.