"Bizimlə dostluq edən erməniləri saqqallılar güllələyirdilər" - Qərbi Azərbaycan Xronikası
- 27 sentyabr, 2025
- 01:00

Bu gün "Baku TV"də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.
"Ermənilər kəndimizə xüsusi təlimatla yerləşdirilirdi" adlı veriliş Dərələyəz mahalının Keşişkənd rayonunun Ağkənd kənd sakini Şəfiqə Cəfərovanın həyat hekayəsinə həsr olunub.
O, 1961-ci ildə anadan olduğunu, uşaqlıq və məktəb illərinin maraqlı keçdiyini, ermənilərlə qarışıq yaşadıqlarını söyləyib:
"Kənd əvvəl böyük olub. Son dövrlərdə 20-25 azərbaycanlı ailə qalmışdı. Qonşu Tərətum kəndində sırf ermənilər yaşayırdı. Onlar gəlib Ağkəndə dolmuşdular. Ermənilər təlimatla kəndə yerləşdirilirdilər. Ermənilər kəndə gələndə bizimkilər top-tüfənglə qarşılamayıblar, öz yurdlarını, evlərini, çörəklərini veriblər. Azərbaycanlılarla yaşayan ermənilər bizim yaxşılıqlarımızı, mənəviyyatımızın yüksəkliyini, adət-ənənələrimizi mənimsəyirdilər və heç elə də çox aqressiv olmurdular. Amma sırf ermənilər yaşayan kəndlər dəhşət idi".
Onun sözlərinə görə, kənddən ilk kütləvi köç 1967-ci ildə başlayıb:
"O vaxt dayımın evini partlatdıqdan, sakin Həsən kişini öldürəndən sonra azərbaycanlıları sıxışdırmağa başladılar, vəzifədə olanları işdən çıxardılar. Rayonda Azərbaycan dilində çıxan qəzetin nəşrini dayandırdılar. Camaat köç edib. Bir müddət sonra yenidən qayıdıb. Babam erməni riyakarlığına, zülmünə, nankorluğuna dözməyib üç dəfə köç edib. Nəhayət, 1954-cü ildə kənddə dünyasını dəyişib".
Ağkənd sakini 1988-ci ildə kənddə çox az adamın qaldığını, ermənilərin partlayışlar törətdiklərini bildirib:
"Vaxtilə ermənilər camaatı dama doldurub, od vurub, qızılları əridib onların boğazına doldurublar. Hətta saqqallılar azərbaycanlılara kömək edən erməniləri güllələyirdilər. Məcbur qalıb köç edən insanlar mal-dövlətlərini qoyub, çox əziyyətlə dağları aşıb Şərura gəldilər. Atam və anam isə Qaxa, sonra Bakıya köçdülər".
Uşaqlıq xatirələrinin yaddaşdan silinmədiyini deyən Ş.Cəfərova deyib:
"Vətən həsrəti ürəyimizi parçalayır. Ağkəndə qayıtmaq arzusu ilə yaşayırıq. Ən böyük istəyimiz Vətənə qayıtmaqdır. İnanırıq ki, gedib oranı yenidən gəzəcəyik, daşları öpəcəyik. Bu, nəsibimiz olacaq".
Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

