BDU-da BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransının açılış mərasimi keçirilib
- 01 sentyabr, 2025
- 11:16

Bakı Dövlət Universitetində (BDU) İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı "LCOY Azərbaycan-2025"in açılış mərasimi keçirilib.
"Report" xəbər verir ki, tədbirdə BDU-nun rektoru Elçin Babayev, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, COP29 üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai, COP29-un Gənc İqlim Çempionu Leyla Həsənova, "EkoSfera" Ekoloji-Sosial Mərkəzin rəhbəri Firuzə Sultanzadə çıxış ediblər.
V.Andreyeva bildirib ki, iqlim dəyişmələri dünya üçün böyük risk olsa da, digər tərəfdən gənclərin innovativ səylərini ortaya qoymaları üçün bir fürsətdir.
N.Arpadarai də gənclərin aktivliyinin önəmindən danışıb: "Gənclərin hər mövzuda bacarıqlarını üzə çıxara bilmələri üçün onlara yeni fürsətlər yaratmalıyıq. Hər mövzuda onların ideyalarını dəstəkləmək, səylərini qiymətləndirmək lazımdır".
L.Həsənova COP29-da gənclərin danılmaz rolu olduğunu diqqətə çatdırıb: "Gənclərimiz təkcə kiçik konfransda deyil, COP29 kimi dünya miqyaslı konfranslarda da öz bacarıqları ilə seçilməyi bacarırlar. Biz sadəcə bununla qürur duymalıyıq".
Qeyd edək ki, sentyabrın 1 və 2-si Azərbaycanda ilk dəfə BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı - "LCOY Azerbaijan 2025" baş tutur. Konfrans Bakı Dövlət Universiteti və "SEA BREEZE Resort" ilə tərəfdaşlıq çərçivəsində "CBC – Caspian International Broadcasting Company"nin informasiya dəstəyi ilə təşkil olunur.
Gənclər üçün İqlim Dəyişmələri üzrə Lokal Konfrans BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) daxilində fəaliyyət göstərən rəsmi gənclər şəbəkəsi YOUNGO-nun təşəbbüsü ilə keçirilir. LCOY Azerbaijan 2025-in əsas təşkilatçısı "EkoSfera" Ekoloji-Sosial Mərkəzidir.