Qiymətləndiricilər Palatası "Global Media Group"a daxil olan media qurumlarını təltif edib
- 01 dekabr, 2025
- 15:41
Azərbaycan Qiymətləndiricilər Palatası "Global Media Group"a daxil olan "Report" İnformasiya Agentliyi (İA) və "Baku TV"ni Palatanın fəaliyyətinin bir il ərzində işıqlandırılmalarına görə sertifikatla təltif edib.
"Report" xəbər verir ki, "Report" İA və "Baku TV" Azərbaycan Qiymətləndiricilər Palatasının fəaliyyətə başlamasının birilliyi və "Qiymətləndiricilərin peşə günü" münasibətilə geniştərkibli rəsmi tədbir çərçivəsində təltif olunub.
Mərasimdə dövlət qurumlarının rəsmiləri, Milli Məclisin komitə sədrləri, deputatlar, beynəlxalq təşkilatların nümayəndələri, ölkə qiymətləndiriciləri iştirak ediblər.
Tədbirin açılışında Azərbaycan Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov çıxış edərək qonaqları salamlayıb, Palatanın ötən dövr ərzində gördüyü işlər, həyata keçirdiyi institusional və normativ yeniliklər barədə məlumat verib. Sədr qeyd edib ki, Palata "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna müvafiq olaraq təsis olunub və bu sahədə tənzimləyici və nəzarət funksiyalarını həyata keçirən səlahiyyətli qurum kimi ölkənin iqtisadi idarəetmə sistemində mühüm yer tutur.
N.İbrahimov çıxışında həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan rəqəmsal transformasiya siyasətinə uyğun olaraq Palatanın my.gov.az portalına inteqrasiya edildiyini, bütün qiymətləndirmə rəyləri və hesabatlarının artıq vahid elektron platforma üzərindən icra olunduğunu qeyd edib. Bu addımın şəffaflıq, əlçatanlıq və operativlik baxımından əhəmiyyətli irəliləyiş olduğu vurğulayıb.
Tədbirdə Milli Məclisin komitə sədrlərindan Zahid Oruc, Anar İsgəndərov, Sadiq Qurbanov, millət vəkilləri, həmçinin müxtəlif dövlət qurumlarının rəhbərləri çıxış edərək Palatanın qısa müddətdə formalaşdırdığı institusional baza, peşə standartlarının tətbiqi və qiymətləndirmə sektorunda nizamlı fəaliyyətin təmin edilməsi istiqamətində görülən işləri yüksək qiymətləndiriblər.
Mərasimdə Türkiyə, Qazaxıstan, Qırğızıstan və Gürcüstanın qiymətləndirmə birliklərinin rəhbərləri və təmsilçiləri də iştirak ediblər. Xarici ölkələrin nümayəndələri Palatanın bir il ərzində yaratdığı struktur, normativ baza və beynəlxalq əməkdaşlıq istiqamətində əldə olunan nəticələrlə bağlı təəssüratlarını bölüşüblər.
Tədbir çərçivəsində ölkə qiymətləndiriciləri adından Prezident İlham Əliyevə müraciət qəbul olunub. Müraciətdə Palatanın birilliyi və 30 noyabr tarixinin "Qiymətləndiricilərin Peşə Günü" kimi təsis edilməsi təşəbbüsu irəli sürülub və dövlət başçısına təşəkkür ifadə olunub.
Rəsmi hissə başa çatdıqdan sonra tədbir qeyri-rəsmi hissə ilə davam etdirilib.