EBRD Türkiyə, Mərkəzi Asiya və Qafqaz ölkələri arasında regional bağlantı üçün investisiya həcmini açıqlayıb

İnfrastruktur
  • 01 dekabr, 2025
  • 16:31
EBRD Türkiyə, Mərkəzi Asiya və Qafqaz ölkələri arasında regional bağlantı üçün investisiya həcmini açıqlayıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu günə qədər Türkiyə, Mərkəzi Asiya və Qafqaz ölkələrinə regional bağlantını gücləndirmək üçün 6 milyard avrodan çox investisiya yatırılıb.

"Report" xəbər verir ki, bu barədə EBRD-in bank əməliyyatları üzrə vitse-prezidenti Mateo Patrone Daşkənddə keçirilən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və bağlantı üzrə investisiya forumunda bildirib.

M.Patrone qeyd edib ki, region mərhələli layihələrdən sistemli islahatlara, eləcə də ayrı-ayrı aktivlərin maliyyələşdirilməsindən kompleks və qarşılıqlı əlaqəli həllərə keçməlidir.

"Lakin çağırış ciddi olaraq qalır. Region ölkələri hələ də dövlət maliyyələşməsindən asılıdır və özəl sektorun iştirakı məhduddur. İrəliləmək üçün beynəlxalq maliyyə qurumlarının resurslarını və kommersiya maliyyələşdirməsini zəmanətlər, qrantlar və siyasi risklərin azaldılması mexanizmləri ilə uyğunlaşdırmaq lazımdır. Bu, investisiya risklərini azaltmağa və özəl kapitalı cəlb etməyə imkan verəcək. Eyni zamanda, daha sıx texniki əməkdaşlıq, potensialın inkişafı, etibarlı dövlət-özəl tərəfdaşlıq layihələri və xüsusilə də razılaşdırılmış hüquqi və institusional çərçivələrlə regional koordinasiya tələb olunur", - o vurğulayıb.

EBRD-nin Mərkəzi Asiya və Monqolustan üzrə idarəedici direktoru Hüseyin Özhan bildirib ki, son iki il ərzində bank həm dövlət, həm də özəl şirkətlərə nəqliyyat və logistika layihələri üçün 800 milyon avrodan çox vəsait yönləndirib.

"EBRD-də daha da genişləndirilməyə hazır olan güclü layihə portfeli formalaşdırılıb", - o qeyd edib.

Bundan əlavə, forumda Avropa İttifaqı və EBRD Mərkəzi Asiyada dayanıqlı nəqliyyat bağlantısının inkişafı üçün əlavə 31 milyon avronun ayırılması barədə razılığa gəliblər. Vəsaitlər ekoloji cəhətdən təmiz və təhlükəsiz marşrutların inkişafına, Aktau limanının yük tutumunun artırılmasına və Bişkek-Kara-Balta yolunun əsas hissəsinin modernləşdirilməsinə yönəldiləcək.

Bu il sentyabrın 30-na EBRD-nin Azərbaycandakı cari kredit portfelinin dəyəri 948 milyon avro qiymətləndirilir. EBRD-nin məlumatına əsasən, cari portfelin əsas hissəsi – 89 %-i və yaxud 842 milyon avrosu davamlı infrastrukturun inkişafına, 6 %-i və yaxud 56 milyon avrosu maliyyə institutlarına, 5 %-i və yaxud 49 milyon avrosu isə korporativ sektora yönəldilib.

Ümumilikdə, EBRD Azərbaycanda 200 layihənin həyata keçirilməsi üçün 3,661 milyard avro investisiya yatırıb.

Son xəbərlər

Bütün Xəbər Lenti