"Soyuq müharibə"nin "yadigar"ı: QİÇS, neytron bombası, COVID-19 - ŞƏRH

Analitika
  • 01 dekabr, 2025
  • 16:17
Soyuq müharibənin yadigarı: QİÇS, neytron bombası, COVID-19 - ŞƏRH

Bu gün QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Günüdür.

QİÇS-lə mübarizə üzrə ümumdünya günü keçirmək təşəbbüsü ilk dəfə 1987-ci ilin avqustunda Ceyms V. Bunn və Tomas Netter tərəfindən İsveçrənin Cenevrə şəhərində Ümumdünya Səhiyyə Təşkilatının QİÇS-lə Mübarizə üzrə Qlobal Proqramının ictimai məlumatlandırma məsələləri üzrə əməkdaşları tərəfindən irəli sürülüb.

Qlobal QİÇS Proqramının direktoru Conatan Mann onların ideyasını qəbul etdi. Konsepsiya bəyənilib, 1988-ci il dekabrın 1-dən bu günə qədər qlobal səviyyədə keçirilib. 1990-cı ildə ABŞ-nin San Fransisko şəhərində QİÇS konfransında HIV-infeksiyalıların diskriminasiyasına etiraz olaraq "Qırmızı Lent" rəmzi yaradılıb. Bir il sonra qırmızı lent beynəlxalq simvola çevrilib. 1992-ci ildə ABŞ-yə giriş qaydalarına görə Dünya QİÇS konqresi Bostondan Amsterdama köçürülüb. Ayrıca Freddi Merkurinin xatirəsinə digər Queen üzvləri tərəfindən "Mecury Phoenix Trust" fondu qurulub. Yeri gəlmişkən, Freddi Merkuri (əsl adı Fərrux Bulsara) QİÇS fonunda inkişaf edən bronxopnevmoniyadan vəfat edib. O, ölümündən bir gün əvvəl, 1991-ci il noyabrın 23-də öz diaqnozu (HİV/QİÇS) barədə açıq şəkildə məlumat verib. Noyabrın 24-də 45 yaşında Londonda evində ölüb.

Onu keçirməkdə məqsədi infeksiyanın yayılmasından irəli gələn QİÇS epidemiyası haqqında məlumatlılığı artırmaq, pandemiya qarşısında beynəlxalq həmrəyliyi nümayiş etdirmək, eləcə də bu xəstəlikdən ölənlərin yad etməkdir. Bir çox dövlət, ictimai və tibbi təşkilatlar dünyada bu gün maarifləndirici və diaqnostik tədbirlər keçirirlər.

Bu gün dövlət və özəl sektorun tərəfdaşlarına pandemiyanın vəziyyəti haqqında məlumat yaymaq və bu xəstəliyin yüksək yayılma dərəcəsinə malik ölkələrdə və bütün dünyada İİV və QİÇS-in profilaktikası və müalicəsində, həmçinin xəstə insanlara qulluqda tərəqqiyə töhfə vermək üçün ən real imkan kimi təqdim edilir.

Azərbaycanda 1987-ci ildən 2025-ci ilin üçüncü rübünün sonunadək İİV infeksiyası ilə (insanın immun çatışmazlığı virusu) yaşayan 11 min 260 nəfər Respublika QİÇS-lə Mübarizə Mərkəzində rəsmi qeydiyyatdan keçib. Bildirilib ki, onlardan 70%-i kişi, 30%-i isə qadınlardır.

Azərbaycan Şərqi Avropa və Mərkəzi Asiya regionuna daxil olan ölkələr arasında İİV-in yayılma göstəricisi ən aşağı olan ölkələrdəndir.

Son məlumatlara görə, dünyada təxminən 39 milyon 900 min insan HİV ilə yaşayır. İnfeksiya hər il təxminən 630 000 insanın həyatına son qoyur, eyni zamanda 2023-cü ildə təxminən bir milyon 300 min yeni HİV yoluxma halı qeydə alınıb.

Bu xəstəliyə yoluxanların əksəriyyəti aşağı və orta gəlirli ölkələrdə, xüsusilə də Afrika regionunda yaşayır.

QİÇS-ə qarşı mübarizə tədbirləri 1996-cı ildən BMT (UNAIDS) tərəfindən keçirilir.

Təşkilatın İİV/QİÇS üzrə Birləşmiş Proqramı (UNAIDS) 1996-cı ildə fəaliyyətə başlayıb və QİÇS-lə Mübarizə Üzrə Ümumdünya Gününün planlaşdırılmasını və təşviqini (ilkin başlanğıc olmadan) öz üzərinə götürdü. UNAIDS 1997-ci ildə bir günə diqqət yetirmək əvəzinə, ilboyu əlaqə, profilaktika və təhsilə diqqət yetirməyə çağırdı.

2004-cü ildə QİÇS-ə qarşı Ümumdünya Kampaniyası müstəqil təşkilat olub.

2008-ci ilə qədər hər il İİV və QİÇS-in qarşısının alınması və müalicəsində iştirak edən insanlar, təşkilatlar və dövlət qurumları ilə geniş məsləhətləşmələrdən sonra Beynəlxalq Təşkilat Komitəsi tərəfindən günün mövzusu seçilir.

2025-ci ildə Ümumdünya QİÇS-ə qarşı mübarizə gününün şüarı budur: "QİÇS-ə cavab tədbirlərini transformasiya etməklə çətinlikləri dəf edək". 2024-cü ildə şüar belə olub: "Hüquqların müdafiəsi yoluna qədəm qoymaq: mənim sağlamlığım – mənim hüququmdur!".

Elmi fərziyyələrə görə, bu virus Mərkəzi Afrikada primatlar arasında yayılan meymun immun çatışmazlığı viruslarından (MİV) yaranıb. Virusun meymunlardan insanlara keçməsi, ehtimal ki, yoluxmuş heyvan qanı ilə təmas nəticəsində, ov zamanı və ya cəmdəklərin doğranması zamanı baş verib. İİV sonradan mutasiyaya uğramış və insanlar arasında yayılmağa başlayıb. Başqa bir nəzəriyyəyə görə, təkrar istifadə edilən şprislər vasitəsilə aparılan kütləvi vaksinasiya proqramları XX əsrin ortalarında virusun yayılmasına səbəb olub. Cinsi əlaqələrdən əlavə, təhlükəsiz olmayan tibbi praktikalar, məsələn, müharibədən sonrakı illərdə Afrikada kütləvi vaksinasiyalar zamanı şprislərin təkrar istifadənin virusun yayılmasına təsir göstərə biləcəyi ehtimal olunur. Bundan başqa QİÇS-in ilk növbədə narkomanlar və "qədim peşə sahibləri" arasında daha çox yayıldığı da təsdiqlənib. Genetik analizlər göstərir ki, virus insan populyasiyasında XIX əsrin sonu və ya XX əsrin əvvəllərində yayılmış ola bilər. O, 1959-cu ildə qeydə alınıb.

İlkin olaraq Afrikada yayılan virus təxminən 1960-cı illərin sonunda Haitiyə keçib. Oradan isə ABŞ-yə, Kanadaya və bütün dünyaya sürətlə yayılmağa başlayaraq qlobal pandemiyaya çevrilib.

Ümumiyyətlə, QİÇS-in əmələ gəlməsi, yayılması ilə bağlı müxtəlif fikirlər nəzəriyyələr hələ də irəli sürülməkdədir.

"Soyuq müharibə" illərində SSRİ-də bu, ABŞ-nin yaratdığı bioloji silah kimi təbliğ edilirdi.

SSRİ-də narkomanlar və cinsi azlıqların olmadığı iddia olunduğundan bu infeksiya aşkar olunanda belə gizlədilirdi.

Bununla belə iddia olunur ki, 1969-cu ildə ABŞ Prezidenti Riçard Nikson ölkədə bioloji silah hazırlanmasını qadağan edəndən sonra yetmiş ölkə ilə birlikdə uyğun beynəlxalq konvensiyanı imzalayıb. Pentaqon silah hazırlanması işlərini tibbi laboratoriyaların yaradılması örtüyü altında başqa ölkələrin ərazisinə köçürüb.

O illərdə bioloji silahlar yerli əhali üzərində sınaqdan çıxarılırdı. Onda iddia olunurdu ki, ölümcül qızdırmaların yayılması üçün müəyyən növ ağcaqanadlar yetişdirilib, bunun ardınca tamamilə yeni ölümcül virus – QİÇS yaradılıb. Ona görə, ovaxtkı təbliğatda QİÇS Haitidən sonra ABŞ-də ilk növbədə cəmiyyətin təcrid olunmuşları – narkomanlar, homoseksuallar, evsizlər üzərində sınaqdan keçirilib.

Bu təxminən koronovirusun, COVID-19 pandemiyası ilə bağlı yayılan xəbərləri xatırladır. Onunla bağlı təhlükə hələ də qalmaqdadır. Bununla belə onu hansı dövlətin və hansı məqsədlə yaratdığı hələ bilinmir. Bəziləri onu Çinin, müəyyən qisim ABŞ-nin, Rusiyanın və başqalarınn bioloji silah olaraq yaratdıqlarını iddia edirlər.

Ancaq reallıq budur ki, qlobal miqyasda dünya 3 ilə yaxın sükutda oldu, hərəkət dayandı, dövlətlərin, böyük şirkətlərin iqtisadiyyatına milyardlarla dollar məbləğində ziyan dəydi. Ancaq bu virus qarşı mübarizə üsulu hələ də müəyyən edilməyib. COVID-19-un da ötən əsrin 60-cı illərində ilk dəfə aşkar olunduğu iddia olunur.

Odur ki, QİÇS kimi bu virus müəmması də hələ açılmayıb.

Elə "soyuq müharibə" illərinin sirr, yaxud hədələyici vasitələrindən biri neytron bombası idi.

Bu bombaların konsepsiyası 1958-ci ildə Samuel T. Koen tərəfindən hazırlanıb. 4 il sonra ilk dəfə sınaqdan keçirilib. Onun istehsal texnologiyası ilk dəfə ABŞ-da 1970-ci illərin ikinci yarısında işlənib hazırlanıb. SSRİ-də 1978-ci il noyabrın 17-də ilk dəfə sınaqdan keçirilib. "Soyuq müharibə" illərində neytron bomba ilə bağlı müzakirələr siyasi kürsülərdən tutmuş, sinif məktəblərinədək hər yerdə edilirdi.

Çox qorxunc silah kimi təsvir edilir. Deyilirdi ki, bu bomba tətbiq ediləndə yalnız canlıları məhv edir və s.

Qlobal miqyasda QİÇS-in və COVID-19-un yaranması səbəbi, yarandığı şərait və başqa məsələlər hələ açılmayıb. Neytron bombasından tutmuş insanları daha tez məhv etmək üçün müxtəlif silahlar, zəhərlər və başqa vasitələr hazırlanır. Yeni texnologiyalar məlum olan və olmayan daha neçə-neçə müəmmaları yaradacaq.

Bütün hallarda İkinci dünya müharibəsinin ağır nəticələrini, azından faşizm ideologiyasını, dünya günümüzdə də yaşamaqdadır. QİÇS-in isə daha çox "soyuq müharibə" illərindən "yadigar" qalıb. Neytron bombası partlamasa da, ziddiyyətlərdən doğduğu ehtimal edilən COVID-19 və QİÇS "partlayışları" davam edir...

Son xəbərlər

Bütün Xəbər Lenti