Orxan Məmmədov: "KOBİA Azərbaycanda Qətər investorlarına dəstək göstərməyə hazırdır"
- 25 noyabr, 2025
- 13:01
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycanda layihələrin reallaşdırılmasında maraqlı olan Qətər iş adamlarına və investorlarına dəstək göstərməyə hazırdır.
"Report" Qətər mətbuatına istinadən xəbər verir ki, bunu KOBİA-nın sədri və Azərbaycan-Qətər Birgə Biznes Şurasının həmsədri Orxan Məmmədov Şuranın Dohada keçirilən birinci iclasında deyib.
O.Məmmədovun sözlərinə görə, Şuranın işə başlaması Qətərlə Azərbaycan arasında iqtisadi münasibətlərin inkişafında mühüm addımdır. Tərəflər prioritet sahələrdə tərəfdaşlıq və qarşılıqlı fəaliyyət sayəsində bu əlaqələri möhkəmləndirməyə çalışır.
O qeyd edib ki, əməkdaşlığın ən perspektivli istiqamətləri kənd təsərrüfatı, turizm, texnologiyalar və hər iki ölkənin iş adamlarının yüksək maraq göstərdiyi bir sıra digər sahələrdir.
KOBİA sədri vurğulayıb ki, Şura iş adamları arasında əlaqələrin genişləndirilməsi, birgə layihələrin potensialının öyrənilməsi, Azərbaycan və Qətər şirkətlərinin məhsul və xidmətlərinin təşviqi üçün platforma olacaq.
O.Məmmədov əlavə edib ki, iclasda iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibində ölkədə investisiya layihələri ilə məşğul olan təşkilatların, eləcə də 30 şirkətin nümayəndələri yer alıb ki, bu da özəl sektorun ticari-iqtisadi əlaqələrin inkişafına böyük marağını nümayiş etdirir.
O, KOBİA-nın Azərbaycan bazarına daxil olmaq, layihələr yaratmaq, ölkənin iqtisadi üstünlüklərindən və investisiya stimullarından istifadə imkanlarını nəzərdən keçirən Qətər iş adamlarına və investorlarına dəstək göstərməyə tam hazır olduğunu təsdiqləyib.