Liqa Siçeva: "Azərbaycan Baltik biznesi üçün Cənubi Qafqaza açılan qapıya çevrilir" - MÜSAHİBƏ
- 27 noyabr, 2025
- 16:08
Baltik və Qafqaz regionları iqtisadi əlaqələrini gücləndirərək, Trans-Avrasiya əməkdaşlığının yeni mərkəzlərinə çevrilir. Qlobal logistika zəncirlərinin yenidən qurulması, Orta Dəhlizə marağın artması və iqtisadiyyatın "yaşıl transformasiya"sı fonunda Latviya Ticarət və Sənaye Palatası (LTSP) Azərbaycanda və Cənubi Qafqazın digər ölkələrində fəal şəkildə yeni tərəfdaşlıqlar qurur.
LTSP-nin Aİ layihələri departamentinin direktoru və "LEF Network Azerbaijan"ın rəhbəri Liqa Siçeva "Report"a müsahibəsində Latviyanın 2025-2026-cı illər üçün prioritetləri, Azərbaycanla Baltikyanı ölkələr arasında əməkdaşlığın potensialı, Orta Dəhlizin rolu, eləcə də etimad və açıqlığın davamlı biznes layihələrinin əsas amillərinə çevrilməsinin səbəbləri barədə danışıb.
Həmin müsahibəni oxuculara təqdim edirik:
- LTSP 2025-2026-cı illər üçün hansı beynəlxalq əməkdaşlıq istiqamətlərini strateji xarakterli hesab edir?
- 2025-2026-cı illəri əhatə edən dövr LTSP üçün strateji cəhətdən vacibdir, çünki biz beynəlxalq şəbəkəmizi genişləndirməyə və Latviya biznesini xaricdə təşviq edən rəsmi təmsilçilər sistemini gücləndirirməyə davam edirik.
Sevindirici haldır ki, Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) da oxşar modeldən istifadə edərək müxtəlif ölkələrdə nümayəndələr təyin edir və biz tez bir zamanda qarşılıqlı anlaşma əldə edə bildik. Bu illər ərzində biz əməkdaşlığımızı möhkəmləndirmək, yeni memorandumlar imzalamaq niyyətindəyik və artıq beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi üçün strategiya hazırlamışıq.
Biz biznesə dəstək verən potensial beynəlxalq təşkilatlarla anlaşma memorandumları imzalamağa hazırıq. Bakıda keçirilən Mərkəzi Baltik-Azərbaycan Biznes Forumu zamanı biz "Caspian Energy Club", ASK və "Nordic Business Community Azerbaijan" ilə üç memorandum imzaladıq. Bütün bu təşkilatlar gələcək əməkdaşlıq üçün vacib tərəfdaşlardır, xüsusilə də Azərbaycanın aparıcı şirkətlərinin geniş şəbəkəsinə malik olan "Caspian Energy Club".
"LEF Network Azerbaijan" layihəsi çərçivəsində biz planlaşdırdığımızdan daha çox iş gördük və 2023-cü ildə Latviyaya, 2024-cü ildə isə Bakıya iki əlavə biznes missiya təşkil etdik. Latviya səfirliyi, Finlandiya və Estoniyadan olan tərəfdaşlarımızla əməkdaşlıq edirik. Bu layihə sayəsində Azərbaycanın həm Latviya, həm də Şimali Avropa biznesi üçün cəlbedici olduğunu görmək sevindiricidir. Bəzi şirkətlər artıq Azərbaycana investisiya qoymağı düşünür.
Biz həmçinin beynəlxalq platformalarda da fəal işləyirik: LTSP-nin prezidenti "Eurochambers"in vitse-prezidenti və Dünya Palatalar Federasiyasının (WCF) Baş Şurasının üzvüdür. Bu, bizim nüfuzumuzu və imkanlarımızı gücləndirir.
- Son illərdə baş verən geoiqtisadi dəyişikliklərdən sonra Latviya biznesinin prioritetlərində hansı dəyişikliklər olub?
- Reallıq belədir: coğrafiya dəyişməz olaraq qalır. Əvvəllər bir çox şirkətlər Rusiya ilə işləyirdi, lakin qlobal vəziyyətin dəyişməsindən sonra biznes fəal şəkildə yeni bazarlara yönəlir.
Əvvəlki nəqliyyat marşrutlarından istifadə getdikcə çətinləşir, buna görə də Orta Dəhlizə maraq artır. Xüsusilə çatdırılma müddətlərinin vacib olduğu sahələr, məsələn, qida sənayesi üçün logistika ciddi bir çağırışa çevrilib, çünki burada söhbət müəyyən yararlılıq müddətinə malik tez xarab olan məhsullardan gedir. Şirkətlər daha davamlı və iqtisadi cəhətdən əsaslandırılmış marşrutlar axtarışındadır, belə olan halda Orta Dəhliz artıq Mərkəzi Asiyaya yüklərin çatdırılması üçün optimal variant kimi nəzərdən keçirilir.
- Aİ Cənubi Qafqaz ölkələrinin, xüsusilə də Azərbaycanın iştirak edə biləcəyi yeni təşəbbüslər planlaşdırırmı?
- Bizim bir arzumuz var: Cənubi Qafqaz regionunda beynəlxalq ticarəti gücləndirəcək və Azərbaycanın əsas giriş nöqtəsi olacağı bir layihə yaratmaq.
Hazırda Aİ-nin Çoxillik Maliyyə Çərçivəsi Proqramı yenilənmə mərhələsindədir, buna görə də fondların bir qisminin fəaliyyəti dayandırılıb. Yeni çərçivə təsdiqləndikdən sonra biz regionla bağlı layihə təklifi təqdim etməyi planlaşdırırıq.
Bizim konsepsiyamıza Özbəkistan və Qazaxıstan da daxildir, lakin fikrimcə, Azərbaycandan başlamaq lazımdır, bundan sonra isə layihəni şərqə və qərbə genişləndirə bilərik.
- "LEF Network Azerbaijan" layihəsi çərçivəsində hansı mühüm nəticələr əldə edilib? Bu layihənin regionun digər ölkələrini əhatə etməsi mümkündürmü?
- Nəticələr çox əhəmiyyətlidir. Biz Mərkəzi Baltik regionunu təmsil edən 10-dan çox şirkətə təhsil, tibb, texnologiya, su resurslarının dayanıqlı idarə edilməsi, logistika, dəmir yolu və digər sahələrdə 15-dən artıq əməkdaşlıq sazişi bağlamaqda kömək etmişik.
Lakin rəqəmlərlə yanaşı, əsas nailiyyətimiz həm də bu oldu ki, turbulentlik dövründə biz Azərbaycandan olan tərəfdaşlarımızla möhkəm münasibətlərimizi qoruyub saxladıq və gələcək layihələr üçün təməl olacaq əsl dostluq əlaqələri qurduq.
Biz layihənin Gürcüstan, Qazaxıstan və Özbəkistana genişləndirilməsi üçün potensial görürük. Lakin yeni ölkələrin əlavə edilməsi müxtəlif dillər, mədəniyyətlər, bazarlar, biznes ənənələri nəzərə alınmaqla diqqətli koordinasiya tələb edir. Buna görə də bununla bağlı tədricən və düşünülmüş şəkildə addım atırıq.
Buna baxmayaraq, biznes missiyalar əməkdaşlığın ən effektiv vasitələrindən biri olaraq qalır, etibarlı yerli tərəfdaşların olması isə uğurun açarıdır.
- Əvvəlki müsahibənizdə "yaşıl texnologiya"lara marağın artdığını qeyd etmişdiniz. Latviyanın hansı həlləri Azərbaycan üçün maraqlı ola bilər?
- Latviya startapları fintex, İT texnologiyaları və "deep tech" sahələrində fəal inkişaf edir. "Yaşıl layihə"lər daha çox vaxt və investisiya tələb edir - startaplar çox vaxt hazır məhsullarla deyil, ideyalarla çıxış edir və tərəfdaşlar axtarırlar.
Onlar həmçinin Azərbaycandan olan investorlarla da əməkdaşlığa maraq göstərə bilərlər və biz artıq bu məsələni müzakirə etmişik. Bu o deməkdir ki, Azərbaycan Latviyadan innovativ texnologiyalar əldə edə və onları öz ehtiyaclarına uyğun olaraq inkişaf etdirə bilər. Bu, çox yaxşı simbiozdur: Latviya innovasiyalar, Azərbaycan isə perspektivli bazar və inkişaf imkanları təklif edir.
Latviyanın güclü istiqamətləri tullantıların idarə edilməsi, dairəvi iqtisadiyyat, İT həlləri, "yaşıl texnologiyalar"dır. Lakin qida istehsalı, ağac emalı, metal emalı kimi ənənəvi sektorlar da vacibdir. Bizim müəyyən sahələrdə ixtisaslaşmış istehsalçılarımız üçün də Azərbaycan maraqlı ola bilər.
Ən yaxşısı, bütün sorğu və təkliflərin fərdi qaydada qiymətləndiriləcəyi biznes əməkdaşlıq şəbəkəsini inkişaf etdirməkdir.
- Latviya BOEM və enerji səmərəliliyi sahəsində texnologiyaların ixracını necə inkişaf etdirir?
- Ümumiyyətlə, Latviya bu istiqamətdə uğur qazanır - bərpa olunan enerji sektorumuz inkişaf edib və istehsal olunan "yaşıl enerji"nin əsas hissəsi ölkənin daxili ehtiyacları üçün istifadə olunur. İxraca gəlincə, biz enerji ticarətinin həyata keçirildiyi Aİ-nin vahid enerji şəbəkəsi çərçivəsində fəaliyyət göstəririk. Hazırda Latviyada günəş panellərinə fəal şəkildə investisiya qoyulur, günəş elektrik stansiyaları yaradılır və külək parklarının inkişafı istiqamətində intensiv işlər görülür.
Biz həmişə ən yaxşı həllər tapmağa çalışırıq, bu, bərpa olunan enerjinin insanlar üçün əlçatanlığını, sakinlərin belə obyektlərlə bağlı özlərini rahat hiss etməsini təmin edir.
- Baltikyanı ölkələr və Azərbaycan "yaşıl enerji" sahəsində hansı birgə layihələri həyata keçirə bilər?
- Hər bir sektor diqqətə layiqdir, lakin bir çox şey konkret ehtiyac və tələblərdən asılıdır. Biz əməkdaşlığa açığıq, lakin bu, Azərbaycanın prioritetlərini və maraqlarını dəqiq başa düşdüyümüz zaman daha effektiv olur.
Tərəfdaşın nə istədiyini başa düşmək vacibdir. Azərbaycanın strategiya və baxışını bilmək bizim ən yaxşı həllər və nou-hau təklif etməyimizə imkan yaradacaq.
Ümumiyyətlə, hesab edirəm ki, əsas istiqamət təhsildir, belə ki, universitetlər tədris proqramları, tələbələr, eləcə də şirkətlər və ekosistem üçün nou-hau hazırlayır. İkinci istiqamət isə biznesə dəstək təşkilatları arasında əməkdaşlıqdır.
Hesab edirəm ki, bütün ölkələr onların beynəlxalq əməkdaşlıq üçün gücləndirilməsi yolları barədə düşünməlidir. Lakin siz biznesə dəstək təşkilatları ilə əməkdaşlıq etdikdə, artıq biznes üçün məlumat bazasına və platformaya malik olursunuz. Biznes təşəbbüsləri və missiyalar insanları və şirkətləri birləşdirərək ideyaları real layihələrə çevirir.
- Orta Dəhlizin dəmir yolu infrastrukturunun və nəqliyyatın dekarbonizasiyası layihələrində Latviya şirkətlərinin iştirakı mümkündürmü?
- Düşünürəm ki, mümkündür. Bizim dəmir yolu texnikası istehsal edən böyük zavodlarımız olmasa da, Latviyada Orta Dəhlizin logistikasının modernləşdirilməsi üçün lazım ola biləcək müasir həllər və texnologiyalar var. Hər şey tələb və ehtiyacdan asılıdır.
- Latviya şirkətləri artıq Orta Dəhlizdən istifadə edirmi? Baltik regionu limanlarının Orta Dəhlizin infrastrukturuna inteqrasiyası perspektivləri necədir?
– Bəli, bəzi şirkətlər artıq Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə ticarət üçün Orta Dəhlizdən istifadə edir. Lakin əsas maneə logistika xərcləri ilə bağlıdır. Buna baxmayaraq, potensial olduqca böyükdür - dəhliz Finlandiyadan Azərbaycan vasitəsilə Mərkəzi Asiyaya qədər uzanır və bu, güclü coğrafi oxdur.
Limanların inteqrasiyası məsələsinə gəlincə, hər şey milli strategiyalardan asılıdır. Latviya limanları inkişaf etmiş infrastruktura malikdir və düşünürəm ki, Azərbaycan limanları ilə əməkdaşlıq hər cəhətdən maraqlı olardı. Baltik regionu və Azərbaycan limanlarının birləşdirilməsi logistika üçün vacibdir, çünki bu, beynəlxalq ticarət üçün mühüm rəqabət üstünlüyünə çevrilə bilər.
- Latviya Zəngəzur dəhlizinin (TRIPP) Avrasiya logistikasına potensial təsirini necə qiymətləndirir?
- Sözsüz ki, müsbət. Biz bu layihədə Azərbaycanla əlaqələri gücləndirmək və nəqliyyat şəbəkələrinin əlaqəliliyini yaxşılaşdırmaq imkanını görürük.
- Cənubi Qafqaz regionunda ixrac və investisiyalara yeni dəstək alətləri gözlənilirmi?
- Təəssüf ki, bu, siyasi və maliyyə səviyyəsində Avropa İttifaqının qərarlarından asılıdır. Biz əməkdaşlıq modelləri və ideyaları təklif etməyə hazırıq, lakin onların proqramlara daxil edilməsi Aİ-nin səlahiyyətindədir.
Əgər beynəlxalq vəziyyət sabitləşərsə və maliyyələşdirmə bərpa olunarsa, biz dərhal hərəkətə keçməyə hazır olacağıq.
- Latviya və Azərbaycan arasında birbaşa işgüzar əlaqələrin qurulmasında Ticarət və Sənaye palatalarının rolu nədən ibarətdir?
- Bu gün onların rolu son dərəcə vacibdir. Layihənin əvvəlində Azərbaycan bazarını araşdırmağa hazır olan beş Latviya şirkəti belə tapmaq çətin idi - stereotiplər və məlumat çatışmazlığı mövcud idi. İlkin mərhələlərdə üç ölkənin (Latviya, Estoniya, Finlandiya) şirkətləri arasında marağın zəif olması müşahidə olunurdu.
Biz biznes nümayəndələri ilə ünsiyyətdə olduq, təcrübələrimizi bölüşdük, onlara əsl Azərbaycanı - güclü iqtisadiyyata, böyük imkanlara və qonaqpərvər insanlara malik bir ölkəni göstərdik.
Bu gün artıq 40-dan çox şirkətimiz və beynəlxalq tərəfdaş qrupumuz var. Bu, əla nəticədir. www.export-cluster.eu platforması vasitəsilə və Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə əməkdaşlıq çərçivəsində biz Azərbaycan, onun iqtisadi və investisiya imkanları haqqında məlumatları təşviq edirik. Biz həmçinin Azərbaycanın Latviyadakı səfirliyi ilə birgə reklam tədbirləri planlaşdırırıq.
Biz əməkdaşlığın uğurlu olacağına və Latviya biznesinin marağının qorunub saxlanılacağına ümid edirik. Bunun üçün əlimizdən gələni edir, Azərbaycanın müsbət imicini təkcə Latviyada deyil, həm də Estoniya və Finlandiyada da təbliğ edirik.
- Azərbaycan bazarına ilk dəfə çıxan şirkətlərə hansı məsləhəti verərdiniz?
- İlk növbədə, stereotipləri bir kənara qoyun və uzunmüddətli münasibətlərə hazır olun. Azərbaycanda biznes istənilən digər ölkədə olduğu kimi etimad və şəxsi əlaqələr üzərində qurulur.
Ölkəyə daha tez-tez gəlin, insanlarla tanış olun, təcrübələrinizi bölüşün, Azərbaycan haqqında müsbət məlumatları təkcə öz ölkənizdə yaymaqla kifayətlənməyin. Mən tez-tez Brüsseldə oluram və həmişə orada Azərbaycandan bəhs edirəm - bu, insanlarda səmimi maraq doğurur.