Azərbaycanla Tailand arasında dostluq və əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Xarici siyasət
  • 28 noyabr, 2025
  • 17:56
Azərbaycanla Tailand arasında dostluq və əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tailand Parlamentinin nəzdində fəaliyyət göstərən Kral Prajadhipok İnstitutunun Baş katibi İssara Sereevatthanavutu qəbul edib.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə Azərbaycan ilə Tailand arasında dostluq və əməkdaşlıq münasibətlərinin genişləndirilməsi, o cümlədən parlament diplomatiyası, beyin mərkəzləri arasında əlaqələr və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov Azərbaycanın beynəlxalq platformalarda fəal roluna diqqət çəkərək ölkənin Qoşulmama Hərəkatına, COP29-a və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (CICA) sədrliyi, irəli sürülən təşəbbüslərin qlobal əməkdaşlığa verdiyi töhfə barədə məlumat verib. Növbəti il ölkəmizdə keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WUF13), BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyası (UNESCAP) və CICA sammitləri barədə məlumat verərək bu tədbirlərin regiondaxili və beynəlxalq dialoqa əlavə dəyər qatacağını bildirib.

Görüşdə, həmçinin Kral İnstitutunun Azərbaycan beyin mərkəzləri ilə təmasları və bu çərçivədə aparılan əməkdaşlıq perspektivləri, eləcə də iki ölkə arasında Xarici İşlər Nazirlikləri arasında qarşıdan gələn məsləhətləşmələrin təşkili məsələləri müzakirə olunub.

Tərəflər Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatının fəaliyyəti, həmçinin Azərbaycan Milli Məclisinin ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu çərçivəsində qarşılıqlı parlament əməkdaşlığının genişlənməsinin əhəmiyyətini qeyd ediblər.

Eyni zamanda, Azərbaycan tərəfindən həyata keçirilən təqaüd proqramları, təhsil mübadiləsi imkanları, turizm sahəsində əməkdaşlıq və qarşılıqlı yüksək səviyyəli səfərlərin təşkili məsələləri görüşün diqqət mərkəzində olub.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər nəzərdən keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti