Kristian Şindler: "Azərbaycan tekstili dünya bazarlarını fəth etməyə hazırdır"
- 07 oktyabr, 2025
- 10:20

Azərbaycanın tekstil sənayesi beynəlxalq arenaya çıxmaq üçün bütün zəruri şərtlərə malikdir.
"Report"un məlumatına görə, bunu Beynəlxalq Tekstil İstehsalçıları Federasiyasının (ITMF) baş direktoru Kristian Şindler Bakıda keçirilən "Tekstil sektorunun inkişafı və qlobal inteqrasiya" adlı seminarda bildirib.
Ekspertin fikrincə, Azərbaycan tekstili regional səviyyədə artıq formalaşmış nüfuzuna baxmayaraq, bu sahəni əhəmiyyətli dünya oyunçuları sırasına çıxara biləcək potensiala malikdir.
"Ölkənizə qayıtmaq mənim üçün çox xoş oldu. Bakı daxil olmaqla bütün ölkə çox dəyişib. Tərəqqi göz qabağındadır. Azərbaycanın tekstil sahəsində böyük potensialı var. Əminəm ki, bugünkü seminar tekstilinizin dünyaya təqdim edilməsi yolunda mühüm addım olacaq. Hökumətlə sıx əməkdaşlıq şəraitində biz mütləq buna nail ola biləcəyik", - K.Şindler vurğulayıb.