Noyabrın 12-də Daşkənddə Beynəlxalq Multimodal Nəqliyyat Forumu keçiriləcək
- 07 oktyabr, 2025
- 17:05

Noyabrın 12-də Daşkənddə Beynəlxalq Multimodal Nəqliyyat Forumu keçiriləcək.
"Report" Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu ölkə başçısı Şavkat Mirziyoyev Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci sammitində deyib.
"Əminəm ki, nəqliyyat sahəsi ilə bağlı bütün təşəbbüslərimiz noyabrın 12-də Daşkənddə keçiriləcək Beynəlxalq Multimodal Nəqliyyat Forumu çərçivəsində ətraflı müzakirə olunacaq. Forumda nəqliyyat nazirləri, iri logistika şirkətləri və assosiasiyaların rəhbərləri, alimlər və ekspertlərdən ibarət milli nümayəndə heyətlərinin fəal iştirakına ümid edirik", - o bildirib.
Özbəkistan Prezidenti çıxışında həmçinin təşkilatın sədri vəzifəsinə keçən Azərbaycan Prezidenti İlham Əliyevə böyük uğurlar arzulayıb. O, bu gün qəbul edilmiş Qəbələ Bəyannaməsinin birgə irəli sürülən təşəbbüslərin və planların həyata keçirilməsinə xidmət edəcəyinə, üzv dövlətlərin ümumi inkişafına və qardaş xalqların rifahına layiqli töhfə verəcəyinə əminliyini ifadə edib.