Ahıllar və uşaq evi sakinlərinin iştirakı ilə "Arşın mal alan" tamaşası nümayiş olunub
- 07 oktyabr, 2025
- 17:14

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə Üzeyir Hacıbəylinin 140 illiyi və 1 Oktyabr - Beynəlxalq Ahıllar Gününə həsr olunmuş "Arşın mal alan" tamaşası nümayiş etdirilib.
"Report" xəbər verir ki, tədbirin məqsədi Üzeyir Hacıbəylinin yaradıcılığının təbliği, ahıllara və uşaqlara sosial-psixoloji dəstək, onların cəmiyyətə inteqrasiyasına, eyni zamanda sosial reabilitasiyasına şərait yaratmaqdır.
Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Faiq Ağayev bildirib ki, bütün sosial xidmət müəssisələrində, həmçinin ahıl şəxslər üçün sosial xidmət müəssisəsində və uşaq evlərində müasir tələblərə uyğun şərait yaradılıb:
"Bu müəssisələrdə sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif tədbirlər, o cümlədən onların mədəniyyət mərkəzlərinə, müxtəlif istirahət mərkəzlərinə ekskursiyaları, gəzintiləri və s. də təşkil olunur. Hazırda Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində 200-dən, uşaq evi sosial xidmət müəssisələrində isə 450-dən çox sakin yaşayır. Bu tamaşanın bu gün təqdim olunması həm dahi bəstəkara ehtiram, həm də ahıllar və uşaqlar arasında mədəni körpü yaratmaq məqsədi daşıyır".
Qeyd olunub ki, Agentliyin müəssisələrində yaşayanlardan ibarət rəqs, musiqi və digər dərnəklər vasitəsilə də benefisiarların cəmiyyətə inteqrasiyasına dəstək göstərilir.
Milli Məclisin deputatı Ülviyyə Ağayeva çıxışında bildirib ki, bu kimi təşəbbüslər cəmiyyətin sosial həmrəyliyini möhkəmləndirir və insanlarda mənəvi dəyərlərə, milli irsə bağlılıq hissini gücləndirir.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbərinin müavini Rəna Nəsirova-Mustafayeva çıxış edərək tədbirin əhəmiyyətinə diqqət çəkib. O bildirib ki, təmsil etdiyi qurum hər zaman bu kimi sosial layihələrin həyata keçirilməsində dəstək göstərib və mütəmadi olaraq Qoruq ərazisində belə tədbirlər təşkil edilir.