KOBİA: KOB-ların rəqəmsal və "yaşıl keçid"inə dəstək artırılır
- 22 sentyabr, 2025
- 15:43

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) gündəliyibdə iki əsas istiqamət mühüm yer tutur.
"Report" xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF-2025) panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, bunlar KOB-ların rəqəmsallaşması və "yaşıl keçid"idir: "Bunlar, KOB-ların əsas transformasiya istiqamətləridir, onların davamlı inkişafına xidmət edir, sahibkarların daha dayanıqlı iş yerləri yaratmasına və iqtisadi dəyişikliklərə hazır olmasına imkan verəcək. KOBİA ötən il Bakıda keçirilmiş COP29 çərçivəsində KOB-lar üçün qlobal iqlim hərəkatının yaradılması təşəbbüsü ilə çıxış edib və "KOB-ların yaşıl keçid üçün Bakı İqlim Koalisiyası haqqında Birgə Bəyannamə"yə start verib. Artıq 20-dən çox yerli və xarici təşkilat bəyannaməni dəstəkləyir. Qoşulma prosesi açıqdır və təbliğat işləri davam etdirilir".