Azərbaycan və Macarıstan arasında siyasi məsləhətləşmələr aparılıb
- 15 oktyabr, 2025
- 16:59

Budapeşt şəhərində Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) və Macarıstan Xarici İşlər və Ticarət Nazirliyi arasında siyasi məsləhətləşmələrin birinci iclası keçirilib.
Bu barədə "Report"a Azərbaycan XİN-dən məlumat verilib.
Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev ilə Macarıstan xarici işlər və ticarət nazirinin müavini Boqlarka İllesin rəhbərlik etdikləri nümayəndə heyətlərinin apardığı məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də Azərbaycan tərəfindən həyata keçirilən strateji enerji və nəqliyyat layihələri müzakirə olunub.
Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində mövcud səmərəli əməkdaşlığın daha da genişləndirilməsinin perspektivlərinə toxunulub. Bu çərçivədə cari il mayın 21-də Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə toplantısına yüksək səviyyədə ev sahibliyi etdiyinə görə Macarıstana təşəkkür edilib, oktyabrın 7-də Qəbələ şəhərində keçirilmiş TDT-nin 12-ci Zirvə toplantısında aparılmış müzakirələr və qəbul edilmiş qərarların əhəmiyyəti vurğulanıb.
Məsləhətləşmələr zamanı Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında cari il avqustun 8-də Vaşinqton şəhərində keçirilmiş Zirvə görüşünün nəticələri təqdir olunub, bölgədə sülhün yaradılması, regional əməkdaşlığın inkişafı perspektivləri haqqında qarşı tərəfə məlumat verilib.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, habelə bərpa və yenidənqurma işlərinə Macarıstanın göstərdiyi dost dəstəyinə görə minnətdarlıq ifadə olunub.
Görüşdə qarşılıqlı maraq doğuran digər qlobal, regional və ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində F.Rzayev, həmçinin Macarıstanın digər bir sıra rəsmi şəxsləri ilə işgüzar görüşlər keçirib, eləcə də aparıcı araşdırma mərkəzlərinin nümayəndələri ilə dəyirmi masa formatında baş tutan müzakirələrdə iştirak edib.