Bakıda Azərbaycan və İordaniya Hökumətlərarası Komissiyasının IV iclası keçirilir

Biznes
  • 27 noyabr, 2025
  • 11:46
Bakıda Azərbaycan və İordaniya Hökumətlərarası Komissiyasının IV iclası keçirilir

Bu gün Bakıda Azərbaycan və İordaniya arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IV iclası keçirilir.

"Report" xəbər verir ki, Komissiyanın həmsədrləri – Azərbaycanın maliyyə naziri Sahil Babayev və İordaniyanın sənaye, ticarət və təchizat naziri Yarub Qudah arasında iclasdan əvvəl keçirilən görüşdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və bu əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub, Hökumətlərarası Komissiyanın növbəti iclasının geniş məzmunlu gündəliyi nəzərdən keçirilib.

Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasda çıxış edən S. Babayev Azərbaycan ilə İordaniya arasında 30 ildən artıq dövr ərzində formalaşmış münasibətlərin və Prezident İlham Əliyev ilə Kral II Abdullah arasında yüksək səviyyəli siyasi dialoqun iki ölkə arasındakı əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıb. Nazir ikitərəfli münasibətlərin inkişafında Hökumətlərarası Komissiyanın mühüm platforma olduğunu bildirib və qeyd edib ki, Komissiyanın bu gün keçirilən IV iclası əvvəlki təşəbbüsləri irəli aparmaq, eyni zamanda, yeni əməkdaşlıq sahələrini genişləndirmək üçün mühüm mərhələ olacaq.

Bildirilib ki, iki ölkə arasında indiyədək imzalanmış 40-dan çox sənəd əməkdaşlığın inkişafı üçün güclü hüquqi baza formalaşdırır və yeni təşəbbüslərin reallaşdırılması üçün əlverişli imkanlar yaradır.

Nazir çıxışında regional transformasiyadan bəhs edib və bildirib ki, hazırda dünyada müşahidə olunan geosiyasi dəyişikliklər Cənubi Qafqaz regionunu yeni inkişaf mərhələsinə çıxarır və Ermənistan–Azərbaycan sülh prosesi çərçivəsində Vaşinqtonda imzalanmış Bəyannamə bölgə üçün tarixi dönüş nöqtəsidir. O qeyd edib ki, sənəd Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantını təmin edir və Zəngəzur Dəhlizinin açılmasına şərait yaradır. Bu yeni nəqliyyat arteriyası təkcə Cənubi Qafqaz deyil, eyni zamanda, Mərkəzi Asiya və Yaxın Şərq üçün də ticarət, logistika, enerji tranziti və regional inteqrasiya sahələrində geniş imkanlar açır və regionda investisiya, turizm, tranzit, logistika üçün sabit, proqnozlaşdırıla bilən və əlverişli mühit formalaşdırır. Nazir bu yeni reallıqlar fonunda İordaniyanı regionda genişlənən ticarət və nəqliyyat əməkdaşlığında fəal iştiraka dəvət edib.

S.Babayev bildirib ki, Azərbaycan və İordaniya arasında iqtisadi əməkdaşlıq dinamik inkişaf edir və tərəflər arasında daha böyük potensial mövcuddur. Qeyd olunub ki, Hökumətlərarası Komissiyanın nəticələri də iki ölkənin ticarət, investisiya, sənaye, enerji, nəqliyyat, kənd təsərrüfatı, rəqəmsal inkişaf, təhsil, elm, mədəniyyət, turizm, qida təhlükəsizliyi, səhiyyə, gömrük və digər sahələrdə əməkdaşlığının gücləndirilməsi baxımından məhsuldar olacaq.

İkitərəfli ticarətin artmaqda davam etməsi, Azərbaycanın kənd təsərrüfatı, qida və digər məhsullar üzrə İordaniya bazarında rəqabət imkanlarını genişləndirməsi, İordaniyanın isə dərman və digər sənaye məhsullarının ixracında fəallıq nümayiş etdirməsi və investisiya dialoqunun dərinləşdirilməsi Komissiyanın iclasında mühüm irəliləyişlər kimi qiymətləndirilib. Qeyd olunub ki, nəqliyyat əlaqələrinin təkmilləşməsi, o cümlədən hava marşrutlarının genişləndirilməsi, humanitar və mədəni layihələr, təhsil sahəsində tələbə mübadiləsi və universitetlərarası əməkdaşlığın gücləndirilməsi qarşılıqlı əlaqələrin daha da inkişafına şərait yaradır.

Y.Qudah isə çıxışında iki ölkə arasında münasibətlərin iqtisadi əməkdaşlıq üçün geniş imkanlar yaratdığını vurğulayıb. O, İordaniyanın Azərbaycanla ticarət, investisiya, sənaye, enerji, turizm və logistika sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduqlarını qeyd edib. Nazir bildirib ki, Hökumətlərarası Komissiyanın fəaliyyəti qarşıdakı illərdə birgə layihələrin artmasına, biznes dairələri arasında birbaşa əlaqələrin genişlənməsinə töhfə verəcək.

Hökumətlərarası Komissiya 23 noyabr 2007-ci il tarixində yaradılıb və onun bundan əvvəl üç iclası keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti