AZPROMO: Yerli brendlərin françayzinq layihələrinin icrasına başlanacaq
- 30 oktyabr, 2025
- 11:20
Azərbaycanda yerli brendlərin françayzinq layihələrinin icrasına başlanacaq.
"Report" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı "Azərbaycan Françayzinq Assosiasiyası" İctimai Birliyinin Bakıda keçirilən Avrasiya Françayzinq Forumunda bildirib.
Onun sözlərinə görə, AZPROMO milli məhsul və xidmətlərin ixracının təşviqində fəal iştirak edir, brendlərin beynəlxalq bazarlara çıxışına xüsusi diqqət ayırır: "Bu istiqamətdə "Azərbaycan Françayzinq Assosiasiyası" və digər aidiyyəti qurumlarla sıx əməkdaşlıq həyata keçirilir".
T. Hacılı əlavə edib ki, yaxın dövrdə yerli brendlərin françayzinq modeli əsasında inkişaf etdirilməsi ilə bağlı yeni layihənin icrasına başlanacaq: "Milli məhsul və xidmətlərin ixracı ilə yanaşı, brendlərimizin beynəlxalq bazarlarda şəffaf və sürətli şəkildə tanıdılması bizim əsas prioritetlərimizdəndir. Bunun üçün dövlət qurumları ilə yanaşı, özəl sektorun da daha fəal olması vacibdir. Biz bu istiqamətdə həm assosiasiyalar, həm də birbaşa sahibkarlarla əməkdaşlığa hazırıq".