Ramil Həsən: TÜRKPA parlament sədrlərinin ildə bir dəfə qeyri-rəsmi görüşünün keçirilməsi təklifini vermişik - MÜSAHİBƏ
- 30 oktyabr, 2025
- 16:53
 
                            
                            
                        Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən "Report"a müsahibəsində təşkilatın əsas prioritetləri, diplomatik və institusional mövqeyi, rəsmi və qeyri-rəsmi zirvə görüşlərindən, beynəlxalq təşkilatlarla əməkdaşlığından və Özbəkistanın üzvlük məsələsindən danışıb:
- Ramil bəy, ilk olaraq TÜRKPA-nın Baş katibi kimi əsas prioritet istiqamətlərinizin hansılar olacağını öyrənmək istərdik.
- Düzü, bunlar təkcə mənim yox, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin liderlərinin də əsas prioritet istiqamətləridir və Türk dövlətləri arasında əlaqələrin hərtərəfli inkişaf etdirilməsi üçün yoldur.
TÜRKPA üçün parlamentlərarası əlaqələrin çoxtərəfli əməkdaşlıq metodu kimi daha geniş istifadəsinə nail olmaq əsasdır. Yəni 2008-ci ildə İstanbulda Dolmabaxça sarayında TÜRKPA-nın qurulması ilə bağlı imzalanmış tarixi sazişdə də göstərildiyi kimi, üzv ölkələrin parlamentlərinin əməkdaşlığını yeni səhifəyə daşımaq bizim üçün önəmlidir.
TDT bu günə qədər dövlət başçılarının rəhbərliyi ilə əhəmiyyətli və Türk dünyasının strateji maraqlarına xidmət edən qərarlar qəbul edib. Amma hər birimiz yaxşı bilirik ki, qərarların qanuni bazasını formalaşdırmaqda parlamentlər əvəzedilməz rol oynayırlar. Məsələn, Qəbələ Bəyannaməsində əks olunan hər hansı müddəanın qanun şəklində parlamentə gəlməsi, qəbulu üçün TÜRKPA-nın nə dərəcədə vacib rol oynadığı aydın görünür.
 
    
    
- Bəs TÜRKPA sənədlərinin üzv ölkələrdə real təsir gücünü artırmaq üçün hansı mexanizmləri tətbiq etmək niyyətindəsiniz?
- Qətnamələrin əksəriyyətini TDT qəbul edir. TÜRKPA isə bununla bağlı illik deklarasiyalar qəbul edir. Çünki qanuni bazanın olması, təsir mexanizminin artması üçün parlamentlər vacibdir. Məsələn, Şuşa Bəyannaməsi Milli Məclisə daxil oldu, ratifikasiya edildi, ölkə rəhbərləri tərəfindən imzalandı və qüvvəyə mindi. Eyni şey TDT-yə çoxtərəfli əməkdaşlıq çərçivəsində də lazımdır.
Biz bunu zaman-zaman həyata keçiririk. Daxili iş qaydalarından fərqli olaraq sənəd bir parlamentdə sürətlə keçir, digərində isə müəyyən dövrü gözləyir. Beynəlxalq praktikaya və üzv ölkələrin tanış olduğu qərara uyğun olaraq üç ölkənin parlamenti paraflamanı ratifikasiya etmədən qərar qüvvəyə minmir. Bu, çox vacibdir. Qərarın qüvvəyə minməsi üçün üç ölkənin parlamentinin təsdiqləməsi və qanun şəklinə gətirilməsi mütləqdir.
Əgər biz dövlətlərimizdən konkret nəticə gözləyiriksə, bunlar qanun şəklində olmalıdır. Ona görə də hökumətlərarası qurum olan Türk Dövlətləri Təşkilatı ilə parlamentlərarası qurumu olan TÜRKPA bir mexanizm kimi birgə fəaliyyət göstərməlidir ki, Avropa İttifaqı və Avropa Parlamenti modelinə bənzər bir modeldən bəhs edə bilək.
 
    
    
- Maraqlıdır, regionda baş verən geosiyasi dəyişikliklər fonunda TÜRKPA-nın diplomatik və institusional mövqeyi necə formalaşır?
- Çox vacib məsələyə toxunursuz. Ortaq maraqlarımızın parlamentlərarası beynəlxalq təşkilatlar nəzdində qorunması, qlobal miqyasda haqlarımızın müdafiə edilməsi və nümayəndə heyətlərimizin səsvermə əsnasında bir araya gələrək bir-birləri ilə bütün lazımi məsələləri müzakirəsi üçün biz TÜRKPA-nı bir platforma kimi üzv ölkələrinin parlament sədrlərinə və xarici işlər nazirlərinə təqdim etmişik. Hər birindən də dəstək almışıq.
Noyabr ayının 16-19-da ATƏT Parlament Assambleyasının qış sessiyası İstanbulda keçiriləcək. Bu sessiyada bütün üzv ölkələrin nümayəndə heyətləri və rəhbərlər iştirak edəcək. Hesab edək ki, orada Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstanla bağlı vacib bir məsələ səsverməyə çıxarılacaq.
O məsələ öncədən TÜRKPA katibliyinə təqdim olunur. Təşkilat da bunu digər ölkələrin nümayəndə heyətləri ilə paylaşır. Həmçinin təkliflə çıxış edən ölkə arzu edirsə, o təklifin sürətli şəkildə üzv ölkərin nümayəndə heyətlərinin rəhbərlərinə çatdırılması təmin edilir və nümayəndə heyətləri səsvermə əsnasında və ondan öncə lobbiçilik həyata keçirib başqa ölkələri də bu prosesdə dəstək verməyə cəlb edir.
 
    
    
Həmçinin sessiyadakı səsvermə əsnasında nümayəndə heyətlərinin zalda olub səsvermədə iştirak edib dəstəkləmələri də tərəfimizdən təmin edilir. Biz bunu təklif edirik və bunun önəmli mexanizm olduğunu düşünürük. Zaman-zaman burada axsamalar olduğu üçün üzvlərimizdən birinin marağına xidmət edən məsələ orada başqa heyətlərin nümayəndələri tərəfindən dəstəklənmir. Bu, bilgisizlikdən deyil, koordinasiyasızlıqdan və məlumatsızlıqdan qaynaqlanır. Biz isə koordinasiya təklif edirik ki, bu gün Qazaxıstanı, sabah Özbəkistanı, Qırğızıstanı, o biri gün Türkiyə və Azərbaycanı dəstəkləyək.
Bu təklifi bütün parlament sədrləri alqışladılar. Beləliklə, ilk koordinasiya toplantısını İstanbulda, ATƏT PA sessiyası çərçivəsində həyata keçirəcəyik.
- Bəs TÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin iştirakı ilə yaxın dövrdə tədbirin keçirilməsi gözlənilirmi?
- Biz təklif etmişik ki, effektivliyin artırılması və fəaliyyət dairəsinin genişləndirilməsi ilə bağlı atdığımız addımlarda sürətli nəticələr ala bilməyimiz üçün dövlət başçılarının yolundan gedərək parlament sədrlərinin ildə bir dəfə qeyri-rəsmi zirvəsini keçirək.
Zatən TDT-də olduğu kimi, TÜRKPA-nın da rəsmi zirvələri keçirilir. Məsələn, aprel ayında Qazaxıstan Prezidentinin rəhbərliyində dövlət və hökumət başçıları TDT-nin qeyri-rəsmi zirvəsinə toplaşacaqlar. Yəqin ki, 2026-cı ilin sonunda da Türkiyə Prezidentinin başçılığı altında rəsmi zirvə təşkil ediləcək. Biz bunu TÜRKPA-da tətbiq etməklə, əslində, yeni şey kəşf etmirik.
Onu da qeyd edim ki, 2026-cı ilin aprel ayında İstanbulda Beynəlxalq Parlamentlərarası İttifaqının 152-ci plenar sessiyası keçiriləcək. Bu, 190-dan çox ölkənin parlament sədrləri və eyni zamanda, beynəlxalq parlament təşkilatlarının rəhbərlərini toplayacaq çox böyük bir tədbir olacaq.
 
    
    
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun ev sahibliyində Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Türkiyə, Özbəkistan da bir araya gələcək. Fürsətdən istifadə edərək biz təklif etdik ki, TÜRKPA-nın birinci qeyri-rəsmi sammitini orada keçirək və bütün sədrlər bunu qəbul etdilər. Nəticə etibarilə biz artıq ona hazırlaşırıq. Rəsmi sammitin isə tarixi hələ bilinmir, amma çox böyük ehtimalla iyun - iyul aylarında ola bilər və bu, Qırğızıstanda baş tutacaq.
-Yeri gəlmişkən biz Özbəkistanın TÜRKPA-ya üzvlüyü ilə bağlı prosesin hazırkı mərhələsi barədə də məlumat almaq istərdik.
-Biz İsveçrə konfederasiyasındakı Beynəlxalq Parlamentlərarası İttifaqın 151-ci plenar sessiyasında iştirak və çıxış etdik, həmçinin Özbəkistanla bağlı olan məsələni də orada Özbəkistan Parlamentinin Senatının sədri Tənzilə Narbayeva ilə müzakirə etdik.
Onu da qeyd edim ki, Türk Dövlətləri Parlament Assambleyası Beynəlxalq Parlamentlərarası İttifaqda 2010-cu ildən rəsmi müşahidəçi statusuna sahibdir.
Həmin müzakirə zamanı onlar bu prosesə hazırlaşdıqlarını, dəstək verdiklərini vurğuladılar və bizi Özbəkistana həmin məsələnin müzakirəsi üçün dəvət etdilər. Ona görə də biz, yəqin ki, dekabr ayında Özbəkistana gedəcəyik. Əsas hədəfimiz növbəti plenar sessiyaya Özbəkistanın artıq rəsmi üzvlüklə bağlı həm müraciətini, həm də qəbul prosesini həyata keçirməkdir.
- TÜRKPA-nın ATƏT PA, Avropa Parlament Assambleyası, Parlamentlərarası İttifaq (IPU) kimi beynəlxalq təşkilatlarla əlaqələrinin genişləndirilməsi istiqamətində hansı planlar var?
-Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqla çox geniş bir görüş keçirmişəm. Bu qurum köklü bir təşkilatdır və biz qarşılıqlı razılaşma əsasında TÜRKPA baş katibliyindən təxminən 7-8 nəfərlik bir heyətimizi ikihissəli şəkildə Cenevrəyə təcrübə proqramına yollayacağıq. Yəqin ki, birinci hissə dekabr, ikinci hissə fevral ayında olacaq.
 
    
    
ATƏT Parlament Assambleyasına gəldikdə isə biz uzunmüddətli qonaq statusu ilə sessiyalarda iştirak edirik. ATƏT PA-nın baş katibinə ünvanladığım ikitərəfli görüşlə bağlı məktub artıq qəbul olunub. Biz noyabrın 16 və ya 17-də İstanbuldakı plenar sessiya çərçivəsində iki təşkilatın baş katibləri kimi bir araya gələrək əməkdaşlıq imkanlarını gözdən keçirəcəyik.
Düşünürəm ki, artıq vaxt yetişib, biz əməkdaşlarımızı həm oraya, həm ATƏT-in özünə təcrübəyə yollaya bilərik.
ATƏT in baş katibi Türkiyənin təcrübəli diplomatı Feridun Sinirlioğludur və şəxsi münasibətlərimiz də çox yüksək səviyyədədir. Çünki mən Türk Dövlətləri Təşkilatına Baş katiblik edərkən o, Türkiyə xarici işlər nazirinin müavini idi, daha sonra BMT-də Türkiyənin daimi nümayəndəsi oldu.
Eyni zamanda, Avropa Parlamenti də çox vacib bir strukturdur, çünki Avropa Parlamenti həm Qazaxıstanla, həm Türkiyə ilə işləyir, həm də Azərbaycanla əməkdaşlıq platforması var. Bunlardan da yola çıxaraq biz Avropa Parlamenti ilə yeni bir səhifəyə keçmək istəyirik.
- TÜRKPA- nın parlament diplomatiyası vasitəsilə sülh və sabitliyin təşviqinə hansı şəkildə töhfə verməsi mümkündür?
- Avropa Parlamentində zaman-zaman Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan əleyhinə bəyanatlar səsləndirilir. Ancaq bizim üzv ölkələrin əleyhinə fikir səsləndirilib deyə onlarla görüşməzlik etməyimiz düzgün deyil, əksinə, görüşməyimiz və ölkələrimizin ortaq mövqeyini onlara göstərməyimiz və münasibət qurmağımız vacibdir. Necə ki üzv ölkələrimizdən olan Azərbaycan dövlətinin qəti və iradəli mövqeyi Fransa ilə Azərbaycan arasında yeni münasibətlərin formalaşmasına təkan verdi, əminəm ki, bu iradə və qəti mövqe beynəlxalq təşkilatlar kimi, TÜRKPA və TDT vasitəsilə də Avropa institutlarına çatdırılmalıdır. Çünki onlar bilməlidir ki, bizim mövqeyimizin nədən ibarətdir. Anlaşılmazlıqdan qaçınmaq üçün dialoq vacibdir. Kimsə bizi tənqid etdi deyə onunla görüşməsək, bu bizə zərər vura bilər. Münasibətləri bərpa etməkdə parlament diplomatiyası geniş imkanlar yaradır.
 
    
    
Sülh məsələsinə gəldikdə isə artıq Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanıb. Bundan sonra vətəndaş cəmiyyətləri arasındakı münasibətlər, həmçinin Türkiyə ilə münasibətlər yeni səhifəyə keçir. Eyni zamanda, ticarət əlaqələrinin, sərhəd keçidləri ilə bağlı daşımaların gücləndirilməsi müzakirə olunur. Qazaxıstan taxılının Ermənistana Azərbaycan üzərindən keçməsi və bu istiqamətdə Ermənistandan sülhyönümlü mesajların verilməsi, Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin İrəvana olan səfəri və digər bütün məsələlər, əslində, parlament diplomatiyasının yeni mərhələyə keçməsinin, yeni nəfəslə işləməsinin vacibliyinə gətirib çıxarır.
Bir müddət əvvəl Parlamentlərarası İttifaq çərçivəsində uzun aradan sonra Milli Məclisin sədri Sahibə Qafarova və Ermənistan Parlamentinin spikeri Alen Simonyan bir araya gəldilər. Onlar arasındakı dialoq da gələcəkdəki əməkdaşlığa zəmin yaradır. Nəticə etibarilə xalqlar arasındakı münasibətlərin inkişafında və yeni mərhələyə qədəm qoymasında, eyni zamanda, nifrət hissinin minimuma endirilməsində və yeni səhifənin açılmasında dövlətlər hansı siyasəti yürüdürsə, davamını parlament diplomatiyası etməlidir ki, bu münasibət xalqlar arasında yayılsın. Bu istiqamətdə, əminəm ki, gələcəkdə TÜRKPA-nın hansısa addımları olacaq.
- Parlamentlərarası İttifaq və ATƏT PA ilə yanaşı, TÜRKPA digər beynəlxalq qurumlarla da parlamentlərarası mübadilə proqramları planlaşdırırmı?
- Bəli, biz qanunverici orqanlar arasında işin səmərəlilik və effektivliyinin artırılması, milli parlamentlərin əməkdaşlarının bir-birləri ilə həm də şəxsi əlaqələrinin formalaşdırılması, qanun layihələrinin yaxınlaşdırılması istiqamətində ekspertlərlə iş aparılmasını planlaşdırırıq. Əslində, 2012-ci ildə bunları gözdən keçirmişdik və effekt vermişdi. İndi bunu daha müasir və çağdaş formada həyata keçirməyə çalışacağıq. Gələn il görəcəyimiz işlərdən biri də üzv ölkələrin parlament əməkdaşlarının birgə mübadilə proqramlarını təşkil etməkdir.
 
    
    
Biz həm də yeni səhifə açırıq. Bu səhifədə üzv ölkələrin xarici siyasətində və milli maraqlarında prioritet olan bir neçə istiqamətlə bağlı komitə, komissiya sədrlərinin TÜRKPA koordinasiyası altında illik toplantılarının sistem halına gətirilməsi, rəsmiləşdirilməsi nəzərdə tutulur. Bu, əslində, iki dəfə baş tutub.
- Sizin yenidən TÜRKPA baş katibi seçilməyiniz həm də Azərbaycanın regional diplomatiyadakı nüfuzunun göstəricisi kimi qiymətləndirilir. Son olaraq bu məsələyə münasibətinizi öyrənmək istərdik.
- Mən Azərbaycan Prezidentinə çox təşəkkür edirəm. O, TÜRKPA-dakı birinci namizədliyimdə təşəbbüskar oldu, daha sonra bilavasitə özünün təşəbbüsü ilə TDT baş katibi kimi namizədliyimi irəli sürdü və növbəti dəfə mənə etimad göstərərək TÜRKPA baş katibliyinə namizədliyimin verilməsi ilə bağlı təşəbbüs göstərib. Azərbaycan Parlamentinin sədri Sahibə Qafarova da bunu dəstəkləyib.
 
    
    
Şəxsimə göstərilən etimadı doğrultmaq lazımdır. Türkiyənin, Qazaxıstanın və Qırğızıstanın da fəaliyyətimə yüksək qiymət verərək Azərbaycanın bu təşəbbüsünə hərtərəfli dəstək verməsi, heç bir müzakirə olmadan buna sahib çıxması göstərir ki, dövlət başçımızın müdrikliyi sayəsində bizim kimi diplomatlar yetişir, formalaşır.
Artıq ikitərəfli olmaqla bərabər, çoxtərəfli diplomatiya sahəsində də uğurlar qazanırıq. Azərbaycan diplomatiyası elə məhz Azərbaycan Prezidentinin qəti iradəsi, müdrik diplomatiyası, uzaqgörənliyi sayəsində böyük bir uğur qazanır.
Şahidəm ki, Azərbaycanın uğurlarına Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə ürəkdən sevinir. Qazax və qırğız qardaşları bizə deyirlər ki, Azərbaycan Prezidentinin başçılığı altında qəhrəman Azərbaycan Ordusunun 44 günlük mübarizədən uğurla çıxması, 100 il ərzində heç kimin etmədiyini etməsi, tarixi torpaqlarını geri qaytarması bizə elə bir ilham qaynağıdır ki, sanki yatmışdıq, qələbə bizi yerimizdən oyatdı. Bütün türk dünyası Prezident İlham Əliyevə özünün dəyərli böyüyü kimi baxır. Əlbəttə ki, bununla hər birimiz fəxr etməliyik.
 
                                        