Azərbaycan və Türkiyə arasında texniki reqlamentlər üzrə əməkdaşlıq gücləndirilir
- 13 noyabr, 2025
- 16:07
Azərbaycan və Türkiyə sahibkarları arasında əlaqələrin dərinləşdirilməsi barədə razılıq əldə olunub.
"Report" bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən verir.
Məlumata görə, qurumda Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Agentlik sədrinin müşaviri İlqar Həsənov qurumun keyfiyyət infrakstrukturu sahəsindəki fəaliyyət istiqamətləri, görülmüş işlər, əldə olunmuş nəticələr və qarşıya qoyulan hədəflər barədə ətraflı məlumat verib, "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı" və onun icrası çərçivəsində görülmüş işlər, qəbul olunmuş normativ hüquqi aktlar, hazırlanmış layihə və hesabatlar, həyata keçirilən tədbirlərin nəticələri və onların iqtisadi təsirlərini diqqətə çatdırıb.
Həmçinin ölkədə keyfiyyət infrastrukturunun inkişafı, xüsusilə milli texniki reqlamentlərin qəbulu və tətbiqinin istehlak bazarına, eləcə də sahibkarlıq fəaliyyətinə təsiri barədə qarşılıqlı müzakirələr aparılıb. Bildirilib ki, istehlak bazarının keyfiyyətli və təhlükəsiz qeyri-qida malları ilə təmin olunması məqsədilə aidiyyəti dövlət orqanları tərəfindən hazırlanmış milli texniki reqlament layihələri Agentliyin internet səhifəsində ictimai dinləmə və müzakirəyə çıxarılıb.
Görüşdə Agentliyin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) yaradılmış yeni laboratoriyalar və göstərilən xidmətlər barədə məlumat verilib. Bundan əlavə, milli akkreditasiya sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində görülən işlərdən bəhs edilib, Agentliyin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) Asiya-Sakit Okean Akkreditasiya Əməkdaşlığı (APAC) və Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatına (İLAC) tamhüquqlu üzv qəbul edildiyi diqqətə çatdırılıb.
Sonda keyfiyyət infrastrukturu sahəsinin inkişafı istiqamətində təkliflər dinlənilib, tərəflər arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində maarifləndirmə tədbirlərinin genişləndirilməsi barədə razılığa gəlinib.