Azərbaycan və Honkonq yeni əməkdaşlıq perspektivlərini müzakirə edib

Biznes
  • 17 noyabr, 2025
  • 12:05
Azərbaycan və Honkonq yeni əməkdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycan və Honkonq arasında iqtisadi əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq perspektivləri müzakirə edilib.

"Report" AZPROMO-ya istinadən xəbər verir ki, bu müzakirələr Agentliyin icraçı direktorunun müavini Tural Hacılı və Honkonq Ticarətin İnkişafı Şurasının Avropa, Mərkəzi Asiya və İsrail üzrə regional direktoru Kris Lo ilə görüşdə aparılıb.

Görüş zamanı T. Hacılı Agentliyin fəaliyyət istiqamətləri, ixracın və investisiyaların təşviqi mexanizmləri, eləcə də "Made in Azerbaijan" brendinin tanıdılması məqsədilə həyata keçirilən ixracın stimullaşdırılması tədbirləri barədə məlumat verib.

Öz növbəsində Kris Lo təmsil etdiyi qurumun fəaliyyəti, qarşılıqlı ticarət və investisiya platforması kimi rolu və beynəlxalq biznes əlaqələrinin qurulmasında strateji mövqeyi barədə danışıb, ticarət sahəsində tərəfdaşlığın gücləndirilməsi üçün Azərbaycanı Honkonqda keçiriləcək beynəlxalq sərgilərdə iştirak etməyə dəvət edib, qarşılıqlı investisiya missiyalarının təşkili və birgə tədbirlərin keçirilməsi təklifini irəli sürüb.

Görüşdə həmçinin metallurgiya, məlumatların tədqiqatı, şərabçılıq, qida sənayesi, texnologiya, logistika və istehsalat kimi sahələr üzrə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti