Azərbaycan Latviya, Estoniya və Finlandiya ilə əməkdaşlığın əsas istiqamətlərini açıqlayıb

Biznes
  • 22 oktyabr, 2025
  • 12:40
Azərbaycan Latviya, Estoniya və Finlandiya ilə əməkdaşlığın əsas istiqamətlərini açıqlayıb

Azərbaycan, Estoniya, Latviya və Finlandiyanın işgüzar dairələri uzunmüddətli və institusional əməkdaşlığı nəzərdə tutan praktiki yol xəritəsi imzalayıblar.

"Report"un məlumatına görə, bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) baş katibi Ziya Hacılı Azərbaycan, Latviya, Estoniya və Finlandiya sahibkarlarının B2B-görüşləri çərçivəsində keçirilən konfransda deyib.

Z.Hacılının sözlərinə görə, bugünkü tədbir Azərbaycanla Latviya, Estoniya və Finlandiyanın işgüzar dairələri arasında iqtisadi əlaqələrin gücləndirilməsində yeni mərhələnin başlanğıcıdır.

"Baltik və Şimal ölkələri innovativ iqtisadiyyatları, dayanıqlı sənaye modelləri və qabaqcıl rəqəmsal həlləri ilə tanınır. Azərbaycan isə Cənubi Qafqazın iqtisadi mərkəzidir - energetika, nəqliyyat, logistika və müasir kənd təsərrüfatı sahələrində liderdir, əməkdaşlıq üçün yeni imkanlar təklif edir", - o qeyd edib.

ASK-nın baş katibi vurğulayıb ki, imzalanmış sazişlər simvolik xarakter daşımır, işgüzar dairələri arasında uzunmüddətli və institusional qarşılıqlı fəaliyyət üçün praktiki yol xəritəsidir:

"Biz "yaşıl enerji" və bərpa olunan texnologiyalar, təcrübə və bilik mübadiləsi, rəqəmsal iqtisadiyyatın və innovativ ekosistemlərin, o cümlədən startapların inkişafı kimi istiqamətlərdə əməkdaşlıq üçün real potensial görürük. Azərbaycanın artıq mühüm uğurlar əldə etdiyi kənd təsərrüfatı və qida sənayesi də perspektivlidir".

O əlavə edib ki, əməkdaşlığın daha bir əsas istiqaməti nəqliyyat və logistikadır:

"Bazarlarımızı Şimal və Orta dəhlizlər vasitəsilə birləşdirərək mühüm marşrutlar yaradırıq. Azərbaycan artıq infrastrukturun - avtomobil yollarının, dəmir yollarının, hava əlaqələrinin, həmçinin azad iqtisadi zonanın və Bakıdan 60 km məsafədə yerləşən yeni limanın inkişafına əhəmiyyətli vəsait yatırıb. Bütün bunlar xarici şirkətlərin logistika layihələrində iştirakı üçün geniş imkanlar açır".

Z.Hacılının sözlərinə görə, B2B-görüşlər memorandumun həyata keçirilməsi istiqamətində ilk praktik addım olub:

"Biz sahibkarların bir-birini tanıdığı və etibar etdiyi bir mühit yaradırıq, çünki iqtisadi diplomatiyanın ən səmərəli forması "biznesdən biznesə" qarşılıqlı fəaliyyətidir".

Son xəbərlər

Bütün Xəbər Lenti