Argentina biznesinə Azərbaycanın sənaye zonalarından regional bazarlara çıxış imkanları təklif olunub
- 05 sentyabr, 2025
- 18:38

Buenos-Ayresda keşirilən Azərbaycan və Argentina arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun 2-ci iclasında iki ölkə arasında ticarət, investisiya, aqrar, nəqliyyat kimi sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi müzakirə olunub.
"Report" xəbər verir ki, iqtisadiyyat nazirinin birinci müavini, Birgə İşçi Qrupunun həmsədri Elnur Əliyev tədbirdə Azərbaycan və Argentina arasında iqtisadi əməkdaşlıq üçün geniş imkanlar olduğunu vurğulayıb.
Bu baxımdan, Azərbaycanın iqtisadi potensialı, investorlar üçün yaradılan fürsətlər barədə məlumat verilib. Argentinalı biznes nümayəndələri Azərbaycanın sənaye zonalarında istehsal, logistika və ya informasiya texnologiyaları sahələrində fəaliyyət göstərə və regional bazarlara çıxış əldə edə bilərlər. Kənd təsərrüfatı məhsullarının ixracında dünyada əsas mərkəzlərdən olan Argentinanın sərmayədarları Azərbaycanın aqrar sektorunda müasir infrastrukturdan lazımınca yararlanmaq imkanına malikdirlər.
Argentinanın Xarici İşlər, Beynəlxalq Ticarət və Etiqad Nazirliyinin beynəlxalq iqtisadi əlaqələr üzrə katibi, Birgə İşçi Qrupunun həmsədri Fernando Brun ölkəsinin Azərbaycanla iqtisadi-ticarət tərəfdaşlığının genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, bu sahədə birgə fəaliyyət istiqamətləri haqqında fikirlərini bildirib.
İclasda Azərbaycanın Xarici İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat, Elm və Təhsil nazirlikləri, Qida Təhlükəsizliyi və Dövlət Turizm agentlikləri, Aqrar Tədqiqatlar Mərkəzi, o cümlədən İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) səlahiyyətli nümayəndələri tərəfindən müvafiq sahələrdə işbirliyinin genişləndirilməsinə dair müzakirələr aparılıb, təkliflər səsləndirilib.
Tədbirin yekununa dair imzalanan protokolda ticarət, sənaye, investisiya, kənd təsərrüfatı və qida təhlükəsizliyi, enerji, səhiyyə, nəqliyyat-tranzit, rəqəmsal inkişaf, innovasiyalar, elm, təhsil və turizm üzrə əməkdaşlıq məsələləri əksini tapır.