Nazir: "Azərbaycanda istehsal olunan meyvə-tərəvəz, nar şirəsi və şəraba maraq var"

ASK
  • 23 sentyabr, 2025
  • 10:54
Nazir: Azərbaycanda istehsal olunan meyvə-tərəvəz, nar şirəsi və şəraba maraq var
Məcnun Məmmədov

Yaxın Şərq ölkələri Azərbaycanda istehsal olunan meyvə və tərəvəzlərə, Uzaq Şərq ölkələri isə nar şirəsi və şərab kimi emal məhsullarına maraq göstərir.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF 2025) 2-cü günündə bildirib.

"Bu gün biz nə isə istehsal etməyi, onu harada və necə satmağı düşünürük. Bu baxımdan, tərəfdaşlarımızla - Yaxın və Uzaq Şərq, MDB, eləcə də Avropa İttifaqı ölkələri ilə sıx əlaqə saxlayır, danışıqlar aparırıq. Bu bazarlarda Azərbaycanda istehsal olunan müəyyən hədəf məhsullara ehtiyac var. Məsələn, Azərbaycan dünyada fındıq istehsal edən ölkələr arasında dördüncü yerdədir. Biz onu xüsusilə Avropa bazarlarına ixrac edirik", - deyə o qeyd edib.

Nazirin sözlərinə görə, insanların Azərbaycanla bağlı ağlına ilk növbədə ölkənin coğrafi mövqeyi və demək olar ki, bütün qonşuları, region ölkələri və dünyanın ən böyük dövlətləri ilə yaxşı münasibətləri gəlir: "Növbəti üstünlük isə Azərbaycanın iqlim şəraiti və burada mövcud olan investisiya mühitidir. Hökumətin təqdim etdiyi çoxlu imkanlar, eləcə də gömrük rüsumlarından və vergidən azadolmalar Azərbaycandakı investorlar üçün əsas cəlbedici məqamlardan biridir. Digər maraqlı cəhət isə qlobal investorların və tərəfdaşların da diqqətini çəkən Azərbaycanda mövcud insan kapitalıdır".

Son xəbərlər

Bütün Xəbər Lenti