FAO: Azərbaycan iqlim məqsədlərinə nail olmaqda milli töhfəni genişləndirir
- 01 oktyabr, 2025
- 10:41

Azərbaycan da digər ölkələr kimi iqlim məqsədlərinə nail olmaqda milli töhfəni genişləndirir.
"Report" xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatınln (FAO) Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi, Baş direktorun köməkçisi Viorel Gutu Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) üçüncü günündə bildirib.
Onun sözlərinə görə, səhiyyə, su və qida məsələləri iqlim layihələrində mühüm yer tutur: "Enerji sistemlərinin transformasiyası da buna görə əhəmiyyətlidir. COP29-da mühüm irəliləyişlər əldə olunub – beynəlxalq karbon bazarları üzrə Paris Razılaşmasının 6-cı maddəsi çərçivəsində qaydalardan tutmuş, müxtəlif mexanizmlərə qədər. Bu isə ölkələrin inkişafı və iqlim məqsədlərinə nail olunması üçün yeni imkanlar açır. İqlim ambisiyalarımız yalnız dövlətləri deyil, insanların həyatını da əhatə edir. Sağlam inkişafı təmin etməli, sudan daha səmərəli istifadə etməli və iqlimə uyğun texnologiyaları inkişaf etdirməliyik".
FAO rəsmisi əlavə edib ki, Azərbaycanla əməkdaşlıq bu sahədə mühüm rol oynayır: "Biz kənd təsərrüfatının modernləşdirilməsi, rəqəmsallaşdırılması, laboratoriyaların və sertifikatlaşdırmanın gücləndirilməsi, pilot layihələrin həyata keçirilməsi üzərində çalışmışıq. Ekologiya və təbii sərvətlər naziri ilə birlikdə biomüxtəlifliyin qorunması, torpaqların məhsuldarlığı və pestisidlərin istifadəsi məsələlərinə də diqqət yetirmişik. Eyni zamanda ərzaq təhlükəsizliyi ilə bağlı layihələr həyata keçirilir. Qida təhlükəsizliyi yalnız daha çox insana çatmağı deyil, həm də torpaq və su ehtiyatlarının səmərəli idarə olunmasını nəzərdə tutur. Bu, bizə göstərir ki, hərəkətsizliyin gələcəkdə gətirəcəyi xərclər transformasiya ilə bağlı xərclərdən qat-qat çox olacaq. Avropa və digər regionlar gənclərə dəstək verərək daha dayanıqlı və sağlam iqtisadiyyatların qurulmasına kömək etməlidir. Azərbaycanda gördüyümüz nailiyyətlər qlobal proseslərin bir hissəsidir və transformasiyanın mümkünlüyünü göstərir".
O qeyd edib ki, problemlər müxtəlifdir, amma həll yolları da çoxdur:"Su və ərzaq təhlükəsizliyi iqlim fəaliyyətinin əsas hədəfi olaraq qalmalıdır. FAO uzun müddət Azərbaycanla və bütün gənclərlə birlikdə çalışacaq. Bilgi, innovasiya, əməkdaşlıq və uyğunlaşma vasitəsilə biz daha təhlükəsiz, inklüziv və iqlimə uyğun ərzaq sistemləri yarada bilərik. COP29-un mirası da məhz bu inkişafla müəyyən olunacaq".