NTD-nin baş məşqçisi: "Çempionatda uğursuz çıxışımız transferlərin gec olması ilə bağlıdır"

Komanda
  • 04 dekabr, 2025
  • 11:59
NTD-nin baş məşqçisi: Çempionatda uğursuz çıxışımız transferlərin gec olması ilə bağlıdır

NTD komandasının Azərbaycan Basketbol Liqasında (ABL) uğursuz çıxış etməsi transferlərin gec olması ilə bağlıdır.

Bunu "Report"a açıqlamasında paytaxt təmsilçisinin baş məşqçisi Tahir Baxşıyev deyib.

Mütəxəssis ABL-in əvvəlki 7 turunda məğlub olmalarını bu cür izah edib:

"Uğursuz çıxış transferlərin gec olması ilə bağlıdır. İstədiyimiz oyunçuları ala bilmədik. Heyətdə bəzi dəyişikliklər də oldu. Bəzi basketbolçularımız zədələndi. Zədəsi 3-4 ay çəkən oyunçular da var idi. Bu səbəbdən onlarla yolları ayırmalı olduq. Həmin basketbolçuların mövqeyinə başqalarını axtardıq. Bu isə mövsüm davam edəndə çox çətin olur. Hər basketbolçunu da gətirmək istəmirdik. Komandaya uyğun birini axtarırdıq. Taurus Ramon Kokfild heyətə yeni qoşulub. Ancaq hələ tam uyğunlaşmayıb. Bugünkü matçda yaxşı oyun göstərməyə çalışacağıq".

Baş məşqçi bu gün VIII turda "Abşeron Lions"a qarşı keçirəcəkləri matç haqqında da fikirlərini bölüşüb:

"Hər bir komanda bu çempionatda meydana qələbə üçün çıxır. Rəqibin yaxşı kollektiv olduğunu bilirik. Avrokuboklarda da pis oynamadılar, çempionatın A qrupunda ikinci pillədə qərarlaşıblar. Hər bir matça çıxanda qalib gəlmək istəyirik. Bu, bizdə necə alınacaq? Bilmirəm. Ancaq daha yaxşı oyun sərgiləməyə çalışacağıq".

Qeyd edək ki, "Abşeron Lions" - NTD görüşü bu gün, saat 17:00-da start götürəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti