Modi Hindistanı ŞƏT-in ruhuna qarşı – müsəlmanların unudulmayan Qucarat qırğını - ŞƏRH

Analitika
  • 02 sentyabr, 2025
  • 16:27
Modi Hindistanı ŞƏT-in ruhuna qarşı – müsəlmanların unudulmayan Qucarat qırğını - ŞƏRH

Sentyabrın 1-də Çində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25-ci Zirvə toplantısı keçirilib. Sammitdə 20-yə yaxın sənəd qəbul olunub.

Toplantı daha çox Hindistanın pozuculuq və saxtakarlığı ilə yadda qalıb. Bu ölkə Azərbaycanın ŞƏT-ə üzvlük müraciətini yenidən bloklayıb. Məsələ heç də Azərbaycanın ŞƏT-ə müşahidəçi üzvlüyünə bu ölkənin veto qoymasında deyil. Baş nazir Narendra Modi Hindistanından mövcud şəraitdə belə davranış gözlənilən idi.

Yeniyetməliyindən başlayaraq ta 75 yaşınadək (sentyabrın 17-də 75 yaşı olacaq) o, müsəlmanlara qarşı mübarizə aparıb. Gənc yaşlarında İndira Qandinin başçılıq etdiyi ovaxtkı hakim Hindistan Milli Konqresinə qarşı çıxaraq radikal millətçilərə, müsəlmanlara qarşı olanlara qoşulub.

1987-ci ildə Modi radikal millətçi Hindistan Xalq Partiyasına ("Bharatiya Janata Parti") üzv olur və bir müddət sonra təşkilatın Qucarat regional şöbəsinə rəhbərlik etməyə başlayıb. 1998-ci ildə partiyanın baş katibi olub. 2001-ci ildə Modi Qucarat ştatının baş naziri olub.

Bir il sonra əyalətdə törədilən Qucarat qırğının məsuliyyəti də onun üzərindədir. Çünki 2002-ci il fevralın 27-də  ştatın Qodhra şəhərində naməlum şəxslər hindu zəvvar qrupunu daşıyan qatarı yandırmışdı. Nəticədə 58 nəfər ölmüşdü. Onda Modi baş verənləri "müsəlman icması tərəfindən törədilmiş terror aktı" adlandırmışdı. Bundan sonra ştatda müsəlman məhəllələrində qırğınlar başlamışdı. Yerli induslar mağazaları dağıdıb, maşınları və evləri insanlarla birlikdə yandırıb, müsəlman qadınları zorlamışdılar. Müsəlmanlara qarşı qırğın nəticəsində mindən çox insan ölüb, minlərlə insan xəsarət alıb və ya evlərini tərk etməyə məcbur olublar.

Hadisələrdən sonra əyalətin polis kəşfiyyat bürosuna rəhbərlik edən Sanciv Bhatt ifadə vermiş və iğtişaşlar başlamazdan əvvəl keçirilən nazir Modinin müşavirədə məmurlara müsəlman icmasına dərs vermək lazım olduğunu söylədiyini bildirmişdi.

Məlum qatara hücumun təşkilində də onun əli olduğu ehtimal edilir. Bu, faşistlər, çar Rusiyası, sovetlər tərəfindən işlədilən klassik üsuldur.  

Müsəlmanları qırğınında iştirak etmiş 11 nəfərə ölüm cəzası verilsə də, sonradan bu, ömürlük həbslə əvəz olundu. Məhkumlar 69 müsəlmanın qətlində təqsirli biliniblər.

2002-ci ilin dekabr keçirilmiş seçki kampaniyasında Modi çıxışlarını islam dini tənqid və müsəlmanlara qarşı təbliğat üzərində qurmuşdu. Onun partiyası regional parlamentdə 126 yer qazandı.

Bu siyasi fəaliyyətinə görə ABŞ Dövlət Departamenti 2005-ci ildə ona diplomatik viza verməkdən imtina etmiş, Qucarat iğtişaşları zamanı "din azadlığının xüsusilə ciddi pozuntularına" görə onun məsuliyyət daşıdığını bildirmişdi. Hindistanın ovaxtkı əyalət nazirinə həmçinin Böyük Britaniya və Avropa İttifaqı da ölkəyə giriş qadağası qoymuşdu.

O, 2014-cü ilədək Qucaratın baş naziri, həmin tarixdən Hindistan hökumətinin başçısı olub.

Ötən illər ərzində Modi əyalətdəki islamofob fəaliyyətini davam etdirib.

2014-cü ildə Çin lideri Si Cinpin səkkiz ildən sonra Hindistana səfər etsə də, bir il sonra Modi Pakistana ovaxtkı Baş naziri Nəvaz Şərifin nəvəsinin toyuna qatılsa da, bu diplomatik səyi rəsmi Nyu-Delhi tərəfindən yenidən pozuldu.

2019-cu ilin fevralında əhalisinin çoxunu müsəlmanlar təşkil edən Cammu və Kəşmirdə münaqişə yenidən aktivləşdi. Hindistan Pakistandakı səfirini geri çağırdı. Həmin il fevralın 26-da gecə Hindistan Hərbi Hava Qüvvələrinə məxsus 12 təyyarə Pakistan ərazisinə zərbə endirdi.

2020-ci ilin iyulunda Himalayda Çinlə Hindistan arasında münaqişə olub. İyunun 9-da Ladakdan öz qoşunlarını çıxarmağa başlasalar da, 15-dən 16 iyuna keçən gecə ərazidə silahlı toqquşma baş verib. Çin Hindistanı sərhədi keçməkdə günahlandırıb və buna görə atəş açmaq qərarına gəlib. Rəsmi məlumata görə, Hindistan qoşunları iki dəfə sərhədi keçərək Çin hərbçilərini cavab tədbirlərinə təhrik ediblər.

Hadisə nəticəsində Hindistanın 20 əsgəri ölüb, Çin tərəfdən də xəsarət alanlar və ölənlər olub.

Bu toqquşmadan sonra Çin və Hindistan sərhəddə qoşunlar saxlayırlar. Bu bölgədə iki ölkə arasında qəbul edilmiş ümumi sərhəd yoxdur. 4 min km-dən çox uzunluğu olan faktiki nəzarət xətti 1962-ci ildəki sərhəd müharibəsindən sonra təsdiqlənib. Pekin və Nyu-Delhi  bu əraziləri mübahisə etməyə davam etdirir.

2023-cü ilin yayında Si Cinpin BRICS sammiti çərçivəsində Modiyə sərhəddəki münaqişənin deeskalasiyası üçün "səyləri aktivləşdirməyi" təklif etmişdi.

Modi Çinə münasibətdə xoşməramlı sifəti ilə çıxış etsə də, tərəflər arasında mübahisəli ərazi məsələləri, o cümlədən Cammu və Kəşmirə dair problem həll edilməyib.

Modi iqtidarı bu əyalətin geniş səlahiyyətli muxtariyyətini ləğv etmək, habelə Hindistandakı müsəlman mühacirlərə vətəndaşlıq verilməsində ayrı-seçkilik etməklə də müsəlmanlara qarşı yeniyetməliyindən başladığı hikkəsini davam etdirmişdi. Bu ilin aprel-may aylarında Pakistana hücumu və bu müharibədə məğlubiyyətin acısını Azərbaycandan çıxmağa səy göstərdi.

Hindistan Əfqanıstan, Butan, Banqladeş, Çin, Pakistan, Birma, Şri-Lanka, Maldiv, Butan və Nepalla həmsərhəddir. Onun bu ölkələrdən heç biri ilə münasibəti qənaətbəxş deyil.

Çinlə Hindistan arasında Maldiv, Şri-Lanka və Seyşel uğrunda müxtəlif səviyyədə mübarizə davam edir.

Rəsmi Nyu-Delhi özünü Maldivin sahibi kimi aparır. Adalara hələ ki bir əsgər belə göndərməyib. Problemin hərbi həll variantı gündəmdə olsa da, Modi və onun kabineti gözləməyi üstün tutur. Bu məsələdə güc müdaxiləsinin vəziyyəti yalnız pisləşdirə biləcəyindən qorxan siyasətçilər və ekspertlər onları dəstəkləyir.

Son illərdə Hindistan rəhbərliyi diqqətlə özünü sülhsevər bir dövlət, regionun kiçik dövlətlərini Çin ekspansiyasından təmənnasız qoruyan ölkə obrazını yaratmağa çalışır. Ancaq o da sirr deyil ki, Maldiv adalarına hərbi müdaxilə bu iddianı puça çıxaracaq. Hindistan bəyənmədiyi rejimləri güc yolu ilə devirmək üçün çəkinməyən bir dövlətdir.

Hələ ki, Nyu-Delhidə mübahisələr qızışır, hökumət gözləyir. Çin isə bu arada Hindistan müdaxiləsinin qarşısını almağa çalışır.

Çin və Hindistan Maldiv adaları ətrafında mürəkkəb oyun apararkən, münaqişənin eskalasiyasından qaçmağa və eyni zamanda özləri üçün maksimum əlverişli şərtləri əldə etməyə çalışarkən, ABŞ susmağa üstünlük verir.

Məlum olan yeganə şey - 8 fevralda Tramp Modiyə zəng edib və hər iki lider digər mövzularla yanaşı, Maldiv adalarını da - Əfqanıstan, Myanma və KXDR ilə birlikdə müzakirə ediblər. Onlar Maldiv adalarındakı siyasi böhranın narahatlıq doğurduğu və demokratik institutlara və qanunlara hörmət edilməsinin vacibliyini vurğuladıqları barədə razılığa gəliblər.

Hindistan Rusiyanın Ukraynada apardığı müharibədə də Kremli dəstəkləyir. ŞƏT-in Çindəki sammitində Modi Rusiya Prezidenti Vladimir Putinlə "Limuzin"də bir saata yaxın söhbət ediblər. ABŞ isə ondan RF-dən təbii qaz və neft ixrac etməməsini istəyir. Çünki Nyu-Delhinin ondan bu enerji daşıyıclarını alması işğalçının iqtisadiyyatının çökməsinin qarşısını alır, habelə Ukraynada uğur qazanmasına yardım edir.

Bununla da Modi ABŞ-yə, Avropa İttifaqına və NATO-ya qarşı çıxmaqla yanaşı, beynəlxalq hüququ pozur, terroru, ərazi bütövlüyün pozulmasını dəstəkləmiş olur.  

Bununla Narendra Modi ŞƏT-in sonuncu sammitindəki çıxışında saxtakarlıq edərək, guya "terror dan əziyyət çəkdiklərini" bildirib. Halbuki günümüzdə Ukraynada Rusiya tərəfdən hər cür cinayətlər törədilir.

Hindistan separatçılar üçün də sığınacaq yeridir. Tibetlilərin lideri Dalay-lamaya və tərəfdarlarına bu ölkədə sığınacaq verilməsi də bunu təsdiqləyir.

Bu ilin iyulunda Nyu-Delhi Çinlə münasibətlərdə gərginlikdən qaçmağa çalışsa da buna nail ola bilmir.  O, atdığı addımı ilə Tibetin müstəqilliyini dolayı yolla dəstəkləyir, açıq şəkildə Dalay-lamanın Hindistanda öz mənəvi fəaliyyətini davam etdirmək hüququnu müdafiə edir. 2025-ci ilin mart ayında Hindistanın 46 parlamentarisi Dalay-lamanın öz varisi seçmək üçün müstəsna hüququnu təsdiqləyən, bu prosesə Çinin prosesə müdaxiləsini rədd edən bəyannaməni imzaladı.

Bununla da çoxu Modinin partiyasının üzvü olan parlament Çinin daxili işlərinə qarışdı.

Hindistan 44 günlük müharibədən sonra Ermənistana hərbi yardım etmək, dəstək verməklə Azərbaycan və Pakistana təzyiq etməyə səy göstərdi. ŞƏT-də Azərbaycan qarşı addımı ilə özünü daha gülünc vəziyyətə qoymuş oldu. Çünki rəsmi Bakının quruma üzv olan ölkələrin hər biri ilə ayrı-ayrılıqda iqtisadi-ticarət əlaqələri var. Sentyabrın 2-də Azərbaycanla Braziliya arasında Ticarət və İnvestisiyalar üzrə İşçi qrupunun ilk iclasının keçirilməsi də bir yenilikdir. Görüş Azərbaycan XİN başçısının müavini Elnur Məmmədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Braziliyaya səfəri çərçivəsində reallaşıb. Qurumun məlumatına görə, iclasın yekunları üzrə tərəflər investisiya sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.

Hindistan bu addımı ilə ŞƏT-in nüfuzuna zərbə vurub. Onun addımından belə anlaşılır ki, təşkilat  iqtisadi maraqlardan daha çox siyasi ambisiyalara xidmət edir. Belə davranış həm də qurumun genişlənməsinə mane olur. Nyu-Delhinin özündən razı davranışı Ermənistanın da ŞƏT-ə tamhüquqlu üzvlüyünə gedən yolda bloklanmasına səbəb olub. Rəsmi İrəvan Pakistanla münasibətlər qurmağa, bu İslam Respublikası tərəfindən tanınmaq istədiyi şəraitdə Hindistanın islamofob addımı rəsmi İslamabadı Ermənistan qarşı güzgü diplomatiyasını tətbiq etdi. Nəticədə ŞƏT-ə iki dövlətin üzvlüyünə gedən yolda maneə yarandı.

Beləliklə, müsəlmanlara qarşı ekstremist, islamofob ruhunda tərbiyə alan, böyüyən, nəhayət bir milyard yarıma yaxın insanın bütün hüquqlarını qorumağın məsuliyyətini üç dəfə üzərinə götürən Narendra Modi faşistləri yamsılayan əməli ilə ŞƏT-in "Şanxay ruhunun" havasını korladı. Halbuki Çində həm də İkinci dünya müharibəsinin bitməsinin, yəni həm də faşizmin məğlubiyyətinin 80 illiyi qeyd ediləcək...