Tokayev: Azərbaycanla çoxşaxəli əməkdaşlığın inkişafı Qazaxıstan üçün prioritetdir
- 21 oktyabr, 2025
- 11:41

Qazaxıstan və Azərbaycan təkcə dost dövlətlər deyil, həm də qardaş xalqlardır.
"Report"un Akordaya istinadən məlumatına görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar zamanı bəyan edib.
"Sizi Qazaxıstanda dövlət səfəri ilə qəbul etmək mənim üçün böyük şərəfdir. Bu, ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm hadisədir. Qazaxıstan və Azərbaycan təkcə dost dövlətlər deyil, həm də qardaş xalqlardır", - K.Tokayev qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanla çoxşaxəli əməkdaşlığın inkişafı Qazaxıstan üçün prioritetdir: "Üstəlik, Azərbaycan Sizin güclü liderliyinizlə öz mövqelərini xeyli möhkəmləndirib, beynəlxalq arenada nüfuzunu artırıb və dünyanın sizə aid hissəsində regional güc kimi çox mühüm rol oynayır".
Dövlət başçıları ikitərəfli əməkdaşlığın ticari-iqtisadi, investisiya, aqrar və tranzit-nəqliyyat sahələrində genişləndirilməsi perspektivlərini ətraflı müzakirə ediblər.
Xüsusi diqqət mədəni-humanitar qarşılıqlı fəaliyyətə yönəldilib.
Tərəflər, həmçinin regional və beynəlxalq gündəliyin aktual məsələləri barədə fikir mübadiləsi aparıblar.