Latviya Azərbaycana rəqəmsal texnologiyalar və "yaşıl həllər" sahəsində əməkdaşlıq təklif edir
- 21 oktyabr, 2025
- 19:30

Latviya və Azərbaycan, xüsusilə informasiya-kommunikasiya texnologiyaları, davamlı inkişaf və ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli potensiala malikdirlər.
"Report"un məlumatına görə, bu barədə Latviya Ticarət və Sənaye Palatasının (LTSP) yeni təyin olunmuş sədri Katrina Zarina "Mərkəzi Baltik-Azərbaycan" biznes forumu zamanı bildirib.
K.Zarinanın sözlərinə görə, son illər iki ölkə arasında ticarət münasibətlərinin davamlı inkişafı müşahidə edilir: "Biz Latviya və Azərbaycan arasında ticarətin artımını, həmçinin hər iki iqtisadiyyatın sabit inkişafını görürük. Azərbaycan fəal şəkildə yeni imkanlar axtarır və qeyri-neft sektorlarına daha çox investisiya yatırır".
LTSP-nin rəhbəri vurğulayıb ki, ölkələr arasında birgə işin hər iki iqtisadiyyata əlavə dəyər gətirə biləcəyi sahələr mövcuddur: "Son illər ərzində biz İKT sahəsində, həmçinin davamlı inkişaf və ətraf mühitin mühafizəsi ilə bağlı istiqamətlərdə əhəmiyyətli təcrübə toplamışıq. Əminəm ki, bu sahələr Azərbaycan şirkətləri üçün maraq doğurur və məhz burada biz bütün tərəflər üçün qarşılıqlı fayda tapa bilərik".
O, həmçinin "Mərkəzi Baltik-Azərbaycan" biznes forumu kimi təşəbbüslərin şirkətlər arasında praktiki qarşılıqlı əlaqə üçün platforma yaratdığına və uzunmüddətli tərəfdaşlıqlar üçün təməl qoyduğuna əminliyini bildirib.
"Təkcə ideyaları müzakirə etmək deyil, həm də onları konkret layihələrə çevirmək vacibdir. Ölkələrimizin bunun üçün həm texnologiyalarda, həm innovasiyalarda, həm də "yaşıl transformasiya"da potensialı var", - LTSP-nin sədri əlavə edib.